Gizir, kəşfiyyatçı-snayper Aydın Abdullayevin şəhid olmasından 8 il keçir

Gizir, kəşfiyyatçı-snayper Aydın Abdullayevin şəhid olmasından 8 il keçir

Şəhidlik elə uca məqamdır ki, ora ucalmaq hər insana nəsib olmur, şəhidlikdən nəsib alanlar isə Tanrının sevib-seçdikləri bəndələrdir. Mənim qəhrəmanım da Tanrının belə bəndələrindəndir, şəhidlik şərbətini içən Vətən oğullarından biridir. Düz səkkiz ildir ki, o, şəhidlik zirvəsində özünə əbədi məskən salıb.

Yeddi ildir ki, şəhid gizir, kəşfiyyatçı-snayper Aydın Əmirsoltan oğlu Abdullayev şəhidlik zirvəsinə ucalıb. Yeddi ildir ki, Abullayevlər ailəsinin sonbeşiyi canını uğrunda fəda etdiyi Vətənin bir ovuc torpağına çevrilib. 2013-cü ilin payız günündə, oktyabrın 26-da cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olan Aydın Abdullayev öz cəsarəti, qorxmazlığı ilə sözün həqiqi mənasında, tarix yazıb. Ürəyi Vətən boyda olan Aydınımızın şəhidliyə qovuşduğu bu yeddi ildir ki, Sevil ananın gözü yollardan yığılmır, sonbeşiyini gözləməkdən gözlərinin kökü saralıb! Yeddi il böyük bir ömürdür, bir ömürlük həsrətdir, dərya-dərya göz yaşıdır. Ananın indi bircə təsəllisi var o da,sənin əbədiləşən şəhid adın, şəhid ünvanın.

Şəhid gizir, kəşfiyyatçı-snayper A.Abdullayev 1990-cı il sentyabr ayının 29-da dünyaya gəlib. Yaşasaydı, bu il 31-ci yaşını tamamlayacaqdı qəhrəmanımız. Ailənin sonbeşik övladı olsa da, yaşa dolduqca ağlı, zəkası, cəsarəti , müdrikliyi ilə yaşıdlarından yaxşı mənada  fərqlənir, seçilirdi. Aydın nağıllardakı, dastanlardakı bahadırlar kimi böyümüşdü.

Aydın idmançı idi. Boksla məşğul olurdu, yarışlarda özünü sınayardı, geri medallarla, diplomlarla dönürdü. Bu da Əmirsoltan dayını və Sevil ananı birəbeş qürurlandırırdı. Bu gün isə onlar Aydının şəhid adı ilə fəxr edib, qürur duyurlar. Aydının kəşfiyyatçı-snayper kimi təmas xəttində düşmənə qan uddurması xəbərləri ata-ananın qulaqlarına çatanda daha da sevinirdilər. Aydın, əvvəllər səninlə yalnız ailən, oxuduğun məktəb, müəllimlərin, sinif yoldaşların fəxr edirdilər, indi isə bütün Azərbaycan fəxr edir. Aydının dostu Elməddin şəhid olanda onun nəşinin düşmən əlinə keçməməsi üçün ölümü gözünün qarşısına alaraq minalanmış əraziyə daxil olub və Elməddinin nəşini oradan çıxarıb. Aydın belə fədakar oğlan idi. Sonradan elə özü də dostu Elməddinin vurulduğu ərazidə snayperlə düşmən tərəfindən şəhid edilir. Qəribədir, elə deyilmi... 2012-ci ildə həmin ərazidə dostu Elməddin şəhid olmuşdu, 2013-cü ildə isə özü şəhid oldu.

Mən Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru, görkəmli ziyalımız, şairə Nəzakət Məmmədovanın təklifi ilə Aydın Abdullayev haqqında “Gözlə, gələcəyəm” adlı sənədli povesti yazarkən cəmi 23 il yaşayan qəhrəmanımın ömür kitabını vərəqləyəndə onun yaşadığı qısa ömrün neçə-neçə kitaba, dastana sığmadığının şahidi oldum. Aydının valideynlərinin, qardaşlarının xatirələrini dinlədikcə, döyüşçü dostlarının, qohumlarının, müəllimlərinin yazdıqlarını oxuduqca, əsl qəhrəmanın necə olduğunun öyrəndim. Aydın qəhrəmanlıq üçün doğulan oğul olub.

Nişanlı idi, gözü yolda qalanı, “qurban olum, tez qayıt gəl, səni gözləyirəm” deyəni vardı... Söz vermişdi qayıdacağına, qayıtdı, amma şəhid kimi... Bu gün də yolunu gözləyənin Allahdan ümidini üzmür bəlkə də, bəlkə hələ də səni ötürdüyü yolayrıcına çıxır ki, birdən gələrsən deyə. Amma onun da təsəllisi var - səndən qalan xatirələr... O, bilir ki, sənin kimi qəhrəmanlar Vətəni, yurdu yaşatmaq üçün can verirlər. Vətən yolunda fəda olmaqdan böyük xoşbəxtlik varmi ki...

Bu gün müzəffər ordumuzun  Qarabağda yazdığı tarixdən bir il ötür, düşmənə sarsıdıcı zərbələr vurulub, işğal altındakı torpaqlarımızı azad edilib. Düşünürəm ki, Aydın sağ olsaydı, indi çoxdan ön cəbhədə idi, öz snayperi ilə düşmənə qan uddururdu. Amma bunu Aydının və digər şəhidlərimizin əvəzinə qəhrəman ordumuz gördü. İgid Azərbaycan oğulları düşmənin nəfəsini kəsdi, sənin kimi yüzlərlə qəhrəmanın qisasını qiyamətə qoymadılar, Aydın! Elə bilirəm ki, sənin də, sənlə bərabər başqa qəhrəman şəhidlərimizin də ruhu cəbhədə idilər. Axı şəhidlərin ucaldığı şəhidlik zirvəsindən hər şey, hər yan çox aydın görünür, hələ qaynar döyüş nöqtələrinə də qanadlana bilirlər. Qisasınız alındıqca ruhunuz sakitləşir, narahatlıq məngənəsindən xilas olur, Aydın! Sənin ömrün yarımçıq deyil indi, alınan intiqamlar sənin və sənin kimi canını Vətənə qurban verənlərin yarımçıq ömür dastanını bütövləşdirir, tamlaşdırır. Düşmən indi canı verib, Aydın! Sən də düşmənin murdar nəfəsinin torpaqlarımızdan, müqəddəs şəhərlərimizdən, kəndlərimizdən birdəfəlik çəkilməsini istəyirdin. İndi sənin xəyal etdiyin bu məsələ gerçəkliyə çevrilib, şəhidim, düşmən silahlarını atıb qaçıb. Özün deyirdin ki, ermənilər qorxaqdır, bu gün onların qorxaqlığını bütün dünya gördü.

Səninlə bağlı yazını qəmli notlar üzərində yazmaq istəmirəm, çünki bilirəm ki, özün də bunu istəməzdin, mənim qəhrəman qardaşım. Qisasın alınıb, ruhun gülür indi. Şəhidlər ölmür deyirlər, onlar Vətənin yaddaşına, torpağın ətrinə, bayrağın əzəmətinə köçürlər, xatirələrin əbədi qəhrəmanına çevrilirlər. Sən ölməmisən, Aydın, əbədi şəhid adının zirvəsindən şanlı ordumuzun yazdığı zəfər dastanına öz adını da yazırsan. Çünki bu zəfər Azərbaycan oğullarının qazandığı zəfərlərdir!