2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi hərb tariximizə və xalqımızın yaddaşına şanlı salnamə kimi yazıldı. Artıq mənfur düşmənimiz üzərində qazandığımız şanlı Zəfərdən 2 il ötür. 30 ildir ki, məcburi köçkün həyatı yaşayan soydaşlarımız uzun həsrətdən sonra doğma torpaqlarının işğal günlərini deyil, düşmən tapdağından azad olunduğu günləri böyük fəxr və qürurla qeyd edirlər.
17 oktyabr 2020-ci il Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Çünki həmin gün Füzuli şəhəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tərəfindən düşmən tapdağından azad edildi. 44 günlük müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi olan Füzuli işğalçılardan azad edildi. Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri əsl vətənpərvərlik və qəhrəmanlıq göstərərək öz tarixi missiyasını yerinə yetirdi.
Azərbaycanın Zəfər missiyası məhz Füzuli rayonundan başlamışdır. Füzuli şəhərininin də işğaldan azad edilməsi zamanı şəhidlərimiz, qazilərimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bu gün şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində Füzuli şəhərində və işğaldan azad edilmiş bütün torpaqlarımızda şanlı bayrağımız dalğalanır və əbədi dalğalanacaq.
Bu gün fəxrlə deyə bilərik ki, Füzuli dirçəlir, Füzuliyə həyat qayıdır. Bu gün Füzuli şəhərində, eyni zamanda işğaldan azad edilmiş digər torpaqlarımızda icra edilən infrastruktur layihələri eləcə də qısa müddətdə inşa edilib istifadəyə verilən, “Qarabağın hava qapısı” hesab edilən Füzuli Beynəlxalq Hava Limanı bir daha Azərbaycanın potensialını göstərir, eyni zamanda iqtisadi gücümüzü təcəssüm etdirir.
Füzuli bizimdir, Qarabağ Azərbaycandır!