Ermənistanda bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək
Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Ordusunun, xalqının və Ali Baş Komandan İlham Əliyevin qələbəsidir. Bu qələbənin əldə olunması, ordumuzun fədakarlığı, Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşması nəticəsində əldə olundu. Bu uğurlar məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılıb. Vətən müharibəsində cənab İlham Əliyev döyüş taktikasını, hərbi əməliyyatların planını şəxsən özü müəyyən edir, müharibənin aparılmasına birbaşa özü rəhbərlik edirdi. Məhz bu səbəbdən də az itki verməklə böyük qələbə qazandıq. Dünyanı heyrətə gətirən bir qələbəni.
Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqına Qələbəni bəxş etmiş şanlı Orduya çevrilmişdir. Azərbaycan ordusunun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması və ildən ilə hərbi xərclərin artırılması aparılan siyasətin tərkib hissəsidir.
Möhtərəm İlham Əliyevin hazırda böyük dövlət xadimi və xalqın lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Azərbaycan xalqı tamamilə dağıdılmış Qarabağ ərazisində yeni həyat qurur. Azad edilmiş Qarabağ torpaqlarına səfərləri ilə Ali Baş Komandan öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir və bu işlər yüksək sürətlə həyata keçirilir.
Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin Şuşada Ermənistana və ona havadarlarına göndərdiyi mesajları sonuncu xəbərdarlıq kimi qiymətləndirmək də olar. Ermnistan məlum sülh sənədini imzalamaq öhdəliyini üzərinə götürüb. Bildiyimiz kimi Praqadakı görüşdən sonra qərara alınıb ki, ilin sonunadək yekun sülh müqaviləsinin imzalanması ilə bağlı ciddi irəliləyiş olsun. İndi Azərbaycan səbrlə prosesləri izləyir. Paşinyanın səriştəsiz siyasəti ölkəsini daha faciəvi fəsadlarla üz-üzə qoya bilər. Şuşada çıxışı zamanı Prezident İlham Əliyev mövqelərimizin hansı qədim torpaqlarımızın, yaşayış məntəqələrinin yaxınlığında olduğunu bir-bir sadaladı.
Cənab Prezidentin söylədiyi kimi, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik.
İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalı olduğu barədə Ali Baş Komandan İlham Əliyev növbəti xəbərdarlığını etdi: “Ermənistanda bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır.
Vətən müharibəsinin ilk günündən sona qədər Azərbaycan Ordusu yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb, sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırdı.
Bəli, hətta yaşı hərbi çatmayanlar da Qarabağa getməyə can atdığı bir vaxtda Ermənistan ordusunun əsgərləri Azərbaycan Ordusunun həmləsindən qorxaraq silah-sürsatlarını da qoyub qaçırdılar. Elə ilk günlərdən böyük qələbənin – Zəfərin baş verəcəyini hamımız hiss edirdik.