Rəşid Heydərov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı
2020-ci ildə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanıb.
Azərbaycan və İtaliya arasındakı münasibətlər həm ikitərəfli, həm də, çoxtərəfli formatda inkişaf edir. Azərbaycan üçün Avropanın strateji tərəfdaşı olan ölkələrdən İtaliya Azərbaycanla həm ticarət, həm də, ixracat tərəfdaşı olaraq birinci yerdədir. Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə üçüncü yerdədir. Ölkəmizin İtaliya ilə önəmli əməkdaşlıq istiqamətlərindən biri də təhsil sahəsidir. Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır.
Cari ilin sentyabr ayının 2-də İtaliyanın Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumu keçirilməyə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və "The European House – Ambrosetti" beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib.
Dövlət başçısı forumun plenar iclasında "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış edib. Dövlət başçısının çıxışında çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi layihəsinin uğurla başa çatması, TANAP və TAP qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın enerji siyasətinin beynəlxalq aləmdə uğurları kimi önə çəkildi.
Forumdakı çıxışı zamanı Prezident ötən ay Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenlə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıqlarını xatırladıb. Bunu enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addım adlandırıb. O, Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsinin avropalıların gündəliyində ən aktual məsələlərdən biri olduğunu vurğulayıb.
"Bu gün biz elektrik enerjisini Avropaya necə nəql edəcəyimizdən danışırıq. Gürcüstan, Türkiyə, Bolqarıstandan keçməklə Avropaya çıxacaq artıq mövcud olan xətt vasitəsilə, yoxsa yeni xətlə? Yoxsa enerji təchizatı üzrə geniş potensialı olan Zəngəzur dəhlizi ilə? Bunlar bizim enerji planlarımızın üç mərhələsidir. Bu, yalnız Avropanı deyil, həmçinin daha geniş sahəni əhatə edəcək. Biz öz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Aydındır ki, enerji təhlükəsizliyi milli təhlükəsizlikdir. Ukraynada müharibə başlayandan sonra bu, hər zamankından daha aydındır", - İlham Əliyev çıxışı zamanı qeyd edib.
Prezident İlham Əliyevin İtaliyaya iki günlük işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açmışdır. İtaliya ilə Azərbaycan arasında çox yüksək səviyyəli münasibətlər mövcuddur və bu münasibətlər hər iki ölkənin milli mənafeyinə, strateji maraqlarına cavab verir. Dövlətimizin başçısının forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etməsi ölkəmizə və onun liderinə böyük hörmətin nümunəsidir.