Enerji Müstəqilliyindən Rəqəmsal Liderliyə: Regional Fiber-Optik Qovşaq və Qlobal Kommunikasiya Dəhlizləri

Enerji Müstəqilliyindən Rəqəmsal Liderliyə: Regional Fiber-Optik Qovşaq və Qlobal Kommunikasiya Dəhlizləri
Dadaş Əliyev
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan son iyirmi ildə qlobal enerji xəritəsini yenidən formalaşdıran, Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaşa çevrilən bir dövlət kimi özünü təsdiq etmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr ölkəmizin geosiyasi çəkisini artırmaqla yanaşı, iqtisadi müstəqilliyimizin möhkəm təməlini yaratmışdır. Lakin müasir dünya yeni bir transformasiya ərəfəsindədir. Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycan indi öz enerji müstəqilliyi təcrübəsini rəqəmsal müstəviyə daşıyır. "Azərbaycanın yeni rəqəmsal arxitekturası" vizyonu ölkəmizi neft-qaz qovşağı olmaqla yanaşı, həm də qlobal data tranziti mərkəzinə Regional Fiber-Optik Qovşağa çevirməyi hədəfləyir.
Azərbaycanın ən böyük aktivlərindən biri onun strateji coğrafi mövqeyidir. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən ölkəmiz əsrlər boyu "İpək Yolu"nun mərkəzi olmuşdur. Bu gün bu qədim yol rəqəmsal formata keçir. Prezident İlham Əliyevin vurğuladığı kimi, neft-qaz və nəqliyyat bağlantıları sahəsində topladığımız zəngin beynəlxalq təcrübə və xarici tərəfdaşlarla qurulmuş etibarlı münasibətlər rəqəmsal sahədəki ambisiyalarımız üçün mühüm start nöqtəsidir.
Regional rəqəmsal liderlik strategiyasının əsas sütunlarından biri Xəzər dənizinin dibi ilə çəkilən və çəkilməsi planlaşdırılan fiber-optik kabel xətləridir. Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutları üzrə həyata keçirilən bu layihələr "Rəqəmsal İpək Yolu"nun onurğa sütununu təşkil edir. Saniyədə terabitlərlə ölçülən sürətli data ötürülməsi qabiliyyətinə malik bu xətlər Asiyadan gələn böyük informasiya axınını Azərbaycan üzərindən Avropaya çatdıracaqdır. Bu, sadəcə bir internet bağlantısı deyil, həm də Azərbaycanın qlobal kommunikasiya dəhlizlərində vazkeçilməz oyunçu statusunu möhkəmləndirən strateji addımdır.
Rəqəmsal liderliyə gedən yol təkcə kabellərin çəkilməsindən deyil, həm də effektiv idarəetmədən keçir. Prezident İlham Əliyev dövlət qurumları arasında rəqəmsallaşma ilə bağlı pərakəndəliyin aradan qaldırılmasını əsas şərt kimi qarşıya qoyub. Vahid koordinasiya, bütün xidmətlərin "mygov" ekosistemi daxilində birləşdirilməsi və hər bir dövlət orqanında "rəqəmsal müavin" vəzifəsinin təsis edilməsi bu böyük arxitekturanın hissələridir.
Dövlət idarəçiliyində süni intellekt agentlərinin tətbiqi, qərar qəbulu prosesinin avtomatlaşdırılması və şəffaflığın artırılması rəqəmsal liderliyin daxili sütunlarını təşkil edir. Xarici dünyada regional qovşaq kimi tanınan Azərbaycan, daxildə də ən müasir rəqəmsal dövlət modelini təqdim etməlidir. "Azərbaycanın yeni rəqəmsal arxitekturası"nın uğuru rəqəmsal vərdişlərə sahib olan insan kapitalından asılıdır. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyəti, texnoloji təqaüdlər və özəl sektora rəqəmsal keçid üçün verilən dəstək bu sahədə kütləvi intibah yaratmağı hədəfləyir. 2026-cı ilin sonuna qədər 5 milyon vətəndaşın "mygov" platformasına inteqrasiya olunması hədəfi cəmiyyətin rəqəmsal transformasiyaya tam hazır olduğunun göstəricisidir.
Azərbaycan öz inkişafının yeni daha intellektual və daha rəqabətli mərhələsinə qədəm qoyur. Enerji müstəqilliyimizi təmin edən neft və qaz strategiyası bu gün rəqəmsal liderlik strategiyası ilə tamamlanır. Regional fiber-optik qovşaq layihələri və qlobal kommunikasiya dəhlizlərinin mərkəzinə çevrilmək Azərbaycanın təkcə iqtisadi deyil, həm də siyasi suverenliyini yeni zirvələrə daşıyır. Prezident İlham Əliyevin müəyyən etdiyi yol xəritəsi Azərbaycanın gələcəkdə regionun "rəqəmsal qəlbi" olacağını və bu sahədə dünya miqyasında nümunəvi model yaradacağını vəd edir.
Bu strateji keçid ölkəmizin karbohidrogen resurslarından asılılığını minimuma endirərək onu bilik və texnologiya ixrac edən qüdrətli dövlətlər sırasına çıxaracaqdır. Azərbaycanın yeni rəqəmsal arxitekturası bizim gələcək nəsillərə buraxacağımız ən böyük irs müasir, çevik və yenilməz bir dövlət modelidir.