“Dəmir yumruq” hər zaman yerində olacaq

“Dəmir yumruq” hər zaman yerində olacaq

Məshəti Sadiqli

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayonu 203 saylı körpələr evi uşaq bağçasının müdir əvəzi

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.

2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş verib. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır” söyləyən Prezident İlham Əliyev ölkəmizin iqtisadi, siyasi, hərbi, diplomatik uğurlarını əsaslı şəkildə diqqətə çatdırdı. Bu mühüm məqam xüsusi qeyd edildi ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda, Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız işimizin yarımçıq qaldığını yaxşı bilirdik. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

Azərbaycan son üç ildə bu hədəfə sülh yolu ilə nail olmağa səy göstərdi. Ermənistanın 44 günlük İkinci Qarabağ müharibəsini düzgün təhlil edib nəticə çıxaracağı düşünülsə də belə olmadı. Ermənistan havadarlarının dəstəyinə arxalanaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək, silahlı birləşmələri ərazilərimizdən çıxarmaq istiqamətində addımlar atmadı.  Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi. Azərbaycana qarşı mina terroru davam etdirildi. Təbii ki, ölkəmiz bu vəziyyətlə barışa bilməzdi”.

Dövlətimizin başçısı müraciətində dünyanın ikili standartlara əsaslanan siyasətinə bir daha diqqət yönəltdi: “Ermənistana dəstək olan Qərb ölkələri ölkəmizə qarşı ittihamlar səsləndirsələr də, təzyiqlər göstərməyə çalışsalar da bu reallıq öz təsdiqini tapdı ki, heç kim iradəmizə təsir göstərə bilməz. Azərbaycanın atdığı hər bir addım ədalətə və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan dövləti ən yüksək tribunalardan bu çağırışı edir ki, beynəlxalq hüququn və ədalətin tətbiqi üçün vahid mexanizm olmalıdır. Bu məqamı hər zaman xatırlatmaq istərdik ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin işğalçılıq siyasəti yürütməsinə baxmayaraq daim dəstəklə əhatə olunması fonunda beynəlxalq hüququn mövcudluğundan xəbərsiz olduğunu dilə gətirdi. Onun 44 günlük İkinci Qarabağ müharibəsi dövründə müsahibəsində jurnalistin beynəlxalq hüquqla bağlı sualını məhz “Məgər beynəlxalq hüquq mövcuddurmu” sualı ilə cavablandırması digər dövlətlərə ədalət və beynəlxalq hüquq dərsi keçən bəzi dünya güclərini narahat etmədi.

Ermənistana belə dəstəklərin nəticəsidir ki, 44 günlük İkinci Qarabağ müharibəsi yaşandı, həmçinin bir günlük lokal antiterror tədbirləri həyata keçirildi. Dövlətimizin başçısı İlham Əliyev müraciətində bir daha bu çağırışı etdi: “Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin”. dövlətimizin başçısı xalqa müraciətində Zəfər salnaməmizin rəmzi olan “Dəmir yumruq”dan  bəhs etdi

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Dəmir yumruq”, həmçinin  birliyimizin rəmzidir. Harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları hər zaman Azərbaycanın daha da güclənməsinə, beynəlxalq nüfuzunun artmasına, həqiqətlərimizin təbliğinə öz töhfələrini verməyə səy göstərirlər.Bugün bütün dünya azərbaycanlıları ərazi bütövlüyümüzün və suverenlyimizin tam təmin olunması ilə qürur duyur.

Dövlətimizin başçısı xalqa müraciətində bu əminliyi də ifadə etdi ki, “Dəmir yumruq” hər zaman yerində olacaq”. “Dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasəti, Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi sayəsində qarşıya qoyulan hədəflər zamanında reallığa çevrilir. 2024-cü ilin hədəfləri ölkəmiz, xalqımız üçün daha möhtəşəm uğurlar vəd edir”