Doğma Xocavənddə Böyük Qayıdış və Dirçəlişin İzləri
Sevinc Səlimova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 285 nömrəli tam orta ümumtəhsil məktəbinin əməkdaşı
Azərbaycanın tarixi və mədəni irsində xüsusi yeri olan Xocavənd rayonu bu gün həm əhalinin doğma yurduna qayıdışı, həm də sürətli yenidənqurma işləri ilə yeni bir dövrünü yaşayır. Həyata keçirilən mərhələli məskunlaşma prosesi rayonun hər bir guşəsinə yenidən həyat nəfəsi gətirir və əhalinin doğma yaşayış məntəqələrinə qayıdışı uğurla davam edir.
Hazırda Xocavənd rayonunda ümumilikdə 988 ailə olmaqla, 4 070 nəfər sakin məskunlaşıb. Sakinlərin məntəqələr üzrə məskunlaşma mənzərəsi bu qayıdışın miqyasını aydın göstərir, belə ki, Xocavənd şəhərində 413 ailə (1 614 nəfər), Qırmızı Bazar qəsəbəsində 213 ailə (909 nəfər), Sos kəndində 85 ailə (360 nəfər), Hadrut qəsəbəsində 82 ailə (347 nəfər) və Xocavənd kəndində 78 ailə (319 nəfər) yerləşdirilib. Eyni zamanda, Xanoba kəndində 39 ailə (177 nəfər), Güneyxırman kəndində 39 ailə (175 nəfər) və Quzeyxırman kəndində 39 ailə (169 nəfər) öz doğma ocaqlarına qovuşub. Bu statistika Böyük Qayıdış proqramının uğurlu icrasının və insanların öz əbədi torpaqlarında təhlükəsiz, firavan yaşamasının bariz nümunəsidir.
Xocavəndin azad olunmasından sonra rayona edilən ali səfərlər bölgənin strateji, mədəni və infrastruktur baxımından yenidən qurulmasının təməl daşlarını qoyub. Bu şərəfli tarixin ilk mühüm addımlarından biri kimi 14 yanvar 2021-ci il tarixində Böyük Tağlar kəndi ilə tanışlıq səfəri reallaşdı və rayonda yeni dövrün qapıları açıldı. Ardınca, 15 mart 2021-ci il tarixli səfər Edilli və Düdükçü kəndləri ilə tanışlıq, Hadrut qəsəbəsində Dövlət bayrağının ucaldılması və Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi ilə yaddaşlara həkk olundu.
Həmin səfər çərçivəsində tarixi-mədəni irsimizə xüsusi diqqət yetirilərək Hünərli kəndində qədim Alban məbədinə, Tuğ kəndində dağıdılmış məktəb binasına, kəndin mərkəzinə və buradakı qədim Alban məbədinə baxış keçirildi, həmçinin Azıx kəndində bəşəriyyətin ən qədim məskənlərindən olan Azıx mağarası ziyarət olundu. Regionun nəqliyyat infrastrukturunun mühüm tərkib hissəsi olan Zəfər yolunun Xocavənd ərazisindən keçən hissəsində inşa ediləcək 86 metr uzunluğunda tunelin təməlqoyma mərasimi isə 14 iyun 2021-ci il tarixli səfərdə baş tutdu.
Quruculuq işləri növbəti dövrlərdə də eyni sürətlə davam etdirildi. 9 oktyabr 2021-ci il tarixli səfərdə Hadrut qəsəbəsində yeni məscidin və "Hadrut" qovşaq yarımstansiyasının təməli qoyuldu, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə yaxından tanışlıq oldu, həmçinin rayon ictimaiyyətinin nümayəndələri ilə görüş və birlikdə Tuğ kəndi ilə tanışlıq reallaşdı. Həmin ilin sonunda, 24 dekabr 2021-ci il tarixində Hadrut qəsəbəsində təhlükəsizliyin mühüm qarantı olan hərbi hissənin açılışı baş tutdu.
Rayonun tam suverenliyinin bərpası isə 15 oktyabr 2023-cü ildə Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması ilə taclandı. Sürətli dirçəliş prosesinin davamı olaraq 20 dekabr 2023-cü ildə Qırmızı Bazar qəsəbəsinə və Şıx Dursun kəndinə baxış keçirildi. Bu irimiqyaslı işlərin və regional inkişafın bütövlüyünü tamamlamaq məqsədilə 20-22 dekabr 2023-cü il tarixlərində qonşu Xocalı rayonunun Şuşakənd, Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərinə də baxış keçirilməklə bütün bölgənin yeni inkişaf strategiyası nümayiş etdirildi.
Xocavənd bu gün ucaldılan bayraqları, çəkilən yolları, təməli qoyulan məscid və tunelləri, ən əsası isə doğma yurduna dönən sakinləri ilə yenidən dirçəlir və Qarabağın ən parlaq guşələrindən birinə çevrilir.