Dövlət Proqramının strateji məqsədləri

Dövlət Proqramının strateji məqsədləri

Könül Namazova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 118 nömrəli tam orta məktəbin informatika müəllimi

Azərbaycan xalqının tarixində ən mühüm hadisə onun II Qarabağ müharibəsində qələbəsi oldu. 2020-ci ilin sentyabrın 27-sindən noyabrın 8-inə kimi həyata keçirilən əks hücum əməliyyatları nəticəsində Azərbaycan ordusu 44 gün ərzində işğal altında olan Azərbaycan torpaqlarını erməni silahlı birləşmələrindən azad etdi. Nəticədə yeni reallıqlar formalaşmış və işğal olunmuş torpaqların azad edilməsi bölgə ölkələri üçün yeni imkanlar açmışdır. Lakin II Qarabağ müharibəsini birinci Qarabağ müharibəsindən ayırmaq düzgün olmazdı. Xüsusilə, əgər biz baş vermiş hadisələrə tərəflərin maliyyə imkanları, müharibənin maliyyə təminatı nöqteyi – nəzərdən yanaşmalı olsaq. Belə ki, XX əsrin 90–cı illərində yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikası yağı düşmənlə müharibədə tək qalmışdı. Düşmənin tərəfində, nəinki Sovet ordusunun silahlı qüvvələri döyüşürdü, eləcə də düşmən tərəf xaricdən erməni diasporunun güclü maliyyə dəstəyinə malik idi. Məhz bu iki amil, eləcə də Azərbaycan tərəfində peşəkar ordunun olmaması birinci Qarabağ müharibəsinin taleyini həll etdi.

Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür. 

Hal – hazırda isə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işlərinin aparılmasında büdcə vəsaitlərindən fəal istifadə olunur. Məsələn, 2021–ci ildə dövlət büdcəsindən 2,3 milyard manat maliyyə vəsaiti ayrılmışdır. İlin sonuna kimi bu vəsaitlərin tam həcmdə mənimsənilməsi gözlənilir. 2022–ci ilin dövlət büdcəsində də işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işlərinin aparılmasına 2,3 milyard manat maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmuşdur.

İşğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işlərinin maliyyələşdirilməsini əsasən Azərbaycan öz maliyyə vəsaitləri hesabına aparır. Bu məqsədlə kənardan heç bir maliyyə dəstəyinə ehtiyac yoxdur. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişaf etdirilməsi Azərbaycan dövlətinin iqtisadi siyasətinin 2030-cu ilədək olan sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərində də mühüm yer almışdır. Ölkə Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində göstərilən

5 əsas milli prioritetlərə aşağıdakılar daxil edilmişdir:

- dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

- dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

- rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

- işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

 - təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi

İşğaldan azad olunan ərazilərin bərpa və yenidən qurulması üçün 95 layihə icra edilib. Azad olunan ərazilərin mina və partlamamış hərbi silah-sursatlardan təmizlənməsi üçün bu il də geniş miqyasda işlərin görülməsi nəzərdə tutulub: "Bu layihələrin əsas məqsədi, azad olunan ərazilərdə nəqliyyat, energetika, su təsərrüfatı və digər əsas infrastrukturun yaradılması, ərazilərin iqtisadi dövriyyəyə buraxılması, kənd təsərrüfatı və sənaye parkları üçün nəzərdə tutulan ərazilərin təmizlənməsidir. Eyni zamanda vətəndaşlarımızın bu ərazilərə qayıtması, yaşayış yerlərinin bərpası və yenidən qurulması işlərinin aparılması və əlverişli şəraitin yaradılmasından ibarətdir.

Göründüyü kimi, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin olunması milli prioritetlik səviyyəsinə yüksəldilmişdir. İşğaldan azad olunmuş ərazilərə bu cür yanaşma onun Azərbaycan dövləti üçün nə dərəcədə əhəmiyyətli olduğundan xəbər verir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və dövlət sərhədlərinin bərpa edilməsi Azərbaycan xalqının son bir əsrdə hərbi və diplomatik sahədə ən möhtəşəm qələbəsi oldu. Qələbənin əbədiləşdirilməsi öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışını tələb edir.

Hər bir xalqın tarixi abidələri dünya mədəni irsinin ayrılmaz hissəsi kimi qəbul edilmişdir. Təəssüflə qeyd etməliyik ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilmişdir.Burada, Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır.

Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla  XIX əsrə aid 4 türbə tamamilə məhv edilmişdir. Ağdam şəhərində yerləşən Pənahəli xanın (XIX əsr) və Mehdiqulu xanın türbələrinin dağıntılara məruz qoyulduğu, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan vurulduğu müəyyən olunmuşdur. İbrahimxəlil xanın türbəsi (XIX əsr) isə tamamilə dağıdılmışdır. Dini ibadət yerlərinin dağıdılması və donuzların saxlanıldığı yer kimi istifadə olunması erməni vandalizminin bariz nümunəsidir və bu abidələrin timsalında dünya və ölkəmizin mədəni irsinə münasibət beynəlxalq təşkilatlar, xarici dövlətlərin qınağına səbəb olmalıdır. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir.

İşğaldan azad olunmuş ərazilərin potensialı çox yüksəkdir. Baxmayaraq ki, işğalçılar 30 il ərzində bu ərazilərdə hər şeyi məhv edib, amma bu torpaqların hər qarışı bizim sərvətimizdir. Gözəl təbiəti, yeraltı və yerüstü resursları olan Qarabağ torpaqlarının iqtisadiyyatımıza böyük dividentlər gətirəcəyi şübhəsizdir. Təbii ki, quruculuq işləri həyata keçiriləndən, insanlar o torpaqlara qayıtdıqdan, torpaqların əkilib-becərilməsindən, sosial-iqtisadi infrastrukturun yaradılmasından sonra biz həmin bölgələrin inkişafımıza nə qədər böyük təkan verəcəyinin, müsbət təsir göstərəcəyinin şahidi olacağıq.

Azad olunmuş bütün şəhərlərin, kəndlərin bərpası müasir tələblər nəzərə alınmaqla həyata keçirilməsi nəzərdə tutulur. İşlər elə aparılmalıdır ki, bərpa olunacaq şəhərlərin və kəndlərin dəqiq say tərkibi müəyyən edilsin. Ərazilərdə infrastruktur, məşğulluq və s. bu kimi məsələlər nəzərə alınmalıdır. Məlumdur ki, indiyədək işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. Geri qaytarılan ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq.