Dövlətimizin gənclər siyasəti parlaq gələcəyə inamı təcəssüm etdirir
Gənclər hər bir ölkədə cəmiyyətin çevik təbəqəsi, dayağı və gələcəyinin təməlidir. Gəncliyin yüksək intellektə, bacarığa və səriştəyə malik olması, mənəvi və milli dəyərlərə sədaqət ruhunda tərbiyə edilməsi milli inkişafın prioritet istiqamətlərdən sayılır. Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünürdü, gənc nəslin inkişafına davamlı qayğı göstərirdi. “Azərbaycanın gələcəyi Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır” – deyən dahi lider onların firavan gələcəyi üçün möhkəm təməllər yaradırdı.
Təhsil infrastrukturunun yenilənməsi, hərbi liseyin fəaliyyətə başlaması, ali və orta ixtisas təhsil müəssisələrində müxtəlif təyinatlı yeni ixtisasların açılması, idman infrastrukturunun yenidən qurulması gələcək Azərbaycan gəncliyinin formalaşmasına yönəlmiş mühüm addımlardan idi. Ümummilli lider bundan əlavə, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasına böyük önəm verirdi.
2 fevral 1996-cı ildə Azərbaycan gəncliyinin həyatında yeni dövrün başlanğıcı oldu. Müstəqil Azərbaycanın tarixində həmin gün ümummilli liderin şəxsən iştirakı ilə Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bir il sonra ilk forumun iştirakçılarının bir qrupu ilə görüşən xalqımızın böyük oğlu Heydər Əliyev əsas diqqəti keçən bir il ərzində görülmüş işlərin təhlilinə, gənclərlə bağlı əsas problemlərin həllinə yönəltdi. Ulu öndərin həmin gün imzaladığı sərəncamla fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başladı. Bu MDB və Şərqi Avropa ölkələri arasında ilk belə addım idi.
Dövlətin gənclər siyasəti bu gün ümummilli liderin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırılıb. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir. Dövlətimiz gənclərin potensialına güvənir və onların özlərini daha yaxşı ifadə etməsi üçün müxtəlif platformalar yaradır. Dövlət başçısı gənclərlə görüşlərdə iştirak edir və onların inkişafı naminə bütün imkanların səfərbər olmasını təmin edir.
Ötən il fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu və burada dövlət başçısının gənclərlə görüşü, səmimi söhbəti ölkəmizdə gənclər üçün yaradılmış hərtərəfli yüksək səviyyəli şəraiti səciyyələndirir. Gülüstan sarayında təşkil olunan Gənclər Forumunda gənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, keçmiş məcburi köçkün, şəhid ailələrinin gənc üzvləri, Vətən müharibəsi iştirakçıları, təhsildə və sosial inklüziv fəaliyyətdə fərqlənənlər iştirak edirdilər. Məhz dövlət başçımızın uğurlu siyasəti, ölkəmizdəki əmin-amanlıq mühiti, gənclər üçün yaradılmış imkanlar bugünku gəncliyin yüksək keyfiyyətlərə sahib olması ilə nəticələnib.
Gənclərimizin vətənpərvəliyi qürur mənbəyimizdir. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti məhz gənclər idi. Onlar torpaq uğrunda, Qarabağ naminə, Vətənimizin birliyi üçün, milli ləyaqət mübarizəsində ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Və hər birimizin qəlbində Vətənə sevginin əbədi simvoluna çevrildilər. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bu qədər fədakar ola bilməzdilər. Gənclər hər birimizin gələcəyidir. Dövlətimizin gənclərə dəstək siyasəti bizim hər birimiz üçün örnək olmalıdır. Gənclərə dəstək gələcəyimizə dəstək və vətənimizin işıqlı sabahına açılan pəncərədir.