Dövlət idarəçiliyinin Naxçıvan məktəbi
Aytac Tağızadə
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Keçən əsrin 90-cı illərinin əvvəllərində ağır siyasi-hərbi vəziyyət, mənəvi böhrana görə Azərbaycanın taleyi sual altında qalmışdı. Xalqı bütün sahələri əhatə edən böhrandan xilas etmək vəzifəsini üzərinə götürmək çox ağır iş idi. Çətin sınaqlardan dərin məntiqi, yenilməz intellekti ilə üzüağ çıxan siyasət nəhəngi, fenomenal şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqı qarşısında həmin məsuliyyəti qəbul etmişdi. Beləliklə, Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası olmuşdur və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələ açılmışdır.
Heydər Əliyev Azərbaycan xalqının xilaskarlıq missiyasına Naxçıvandan başladı. Naxçıvanın çətin vaxtlarında əvəzedilməz sərkərdənin qayıdışı Azərbaycanda müstəqillik uğrunda mübarizədə özünün yeni mərhələsinə qədəm qoymasına səbəb oldu. Ulu öndərin qayıdışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçki kampaniyası ilə bir vaxta təsadüf etmişdi.
1990-cı ilin sentyabrında Heydər Əliyev həm respublika parlamentinə, həm də Naxçıvan Ali Sovetinə yekdilliklə deputat seçildi. Həmin il noyabrın 17-də Heydər Əliyevin iştirakı ilə keçirilən Naxçıvan Ali Məclisinin birinci sessiyasında Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması Heydər Əliyevin sarsılmaz iradəsi nəticəsində mümkün olmuşdu. Həmin sessiyada həm də Naxçıvan MSSR Ali Sovetinin “Naxçıvan Muxtar Respublikası Ali Məclisi” adlandırılması dünyada siyasi sistemini Sovetlər üstündə quran möhtəşəm ölkənin çərçivəsində müstəqil dövlət qurumu yaratmaq demək idi. Bu sessiyada qan yaddaşımızda silinməz izi olan 20 Yanvar faciəsinə ilk dəfə düzgün siyasi qiymət verildi, SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də böyük günahı qeyd olundu. Hələ Sovetlər İttifaqı dağılmamış və Azərbaycanın müstəqilliyi elan olunmamış Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı kimi qəbul edilməsi Heydər Əliyevin qeyri-adi cəsarətinin nəticəsi idi.
1991-ci il sentyabrın 3-də keçirilən Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.
Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün həyata keçirilən əhəmiyyətli tədbirlərdən biri Sovet ordusunun hissələrinin Muxtar Respublikanın ərazisindən çıxarılması, nəticədə, Naxçıvanın işğal təhlükəsindən qorunması oldu. Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk təmaslar, aparılan danışıqlar blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılması, enerji məsələlərinin, iqtisadi problemlərin həlli yolunda mühüm addımlardan idi. Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri olduğu dövrdə təhsilin, mədəniyyətin, siyasi maarifçiliyin inkişafına ciddi təsir göstərən tədbirlər həyata keçirərək öz fərqini ortaya qoydu.
Ümummilli Lider Heydər Əliyevin çoxcəhətli yorulmaz fəaliyyəti Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaratmışdır. Onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.
Möhtərəm prezident İlham Əliyev xalqa həsr olunmuş ömrün milli ideyalarına sədaqət göstərərək atasının fəaliyyətini layiqincə davam etdirir, vətəni, milləti üçün etdikləri ilə dünya miqyasında öz yerini tutaraq ölkə rəhbərləri arasında fərqlənməyə davam edir.