Demokratik dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha da yaxınlaşdırır
Heç kimə sirr deyil ki, inkişaf rəqabətdən doğur. Bu təkcə iqtisadi sahəyə aid deyil. Siyasi sistemdə də belədir. Dövlətin siyasi sistemini isə müxtəlif siyasi partiyaların mürəkkəb konfiqurasiyası təşkil edir. Yəni, müxtəlif siyasi partiyaların arasında rəqabətin olması qanuna uyğun haldır. Bu, ölkənin siyasi sisteminin tərəqqisinə xidmət edir. Bu şərtlə ki, həmin rəqabət sağlam olsun, onun məqsədi xalqa, dövlətə, dövlətçiliyə xidmət olsun.
“Siyasi partiyalar haqqında” yeni qanun hazırlanması və qüvəyyə minməsi elə bu məqsədə hesablanıb. Bu qanun fəaliyyətdə olan bütün partiyaları açıq və demokratik rəqabətə çağırır. Bu rəqabət isə irəlidə toxunduğunuz kimi sağlam düşüncəli dialoqa söykənməlidir.
Heç bir partiya unutmamalıdır ki, demokratik dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha da yaxınlaşdırır. Bu isə həmin partiyanın siyasi çəkisinin artması deməkdir. Regionda formalaşan yeni reallıq, daha dəqiq desək Azərbaycan Respublikasının formalaşdırdığı və dünyada cərəyan edən mürəkkəb siyasi proseslər siyasi münasibətlərindən iştirakçılarından yeni və müasir fəaliyyət meyyarlarına adekvat davranmalarını tələb edir.
Heç kimə sirr deyil ki, həm regionumuzda, həm də dünyadakı hadisələrdə necə deyərlər , sürüşkən, həssas bir vəziyyət yaranıb. Ona görədə iqtidarın siyasi dialoqlarından imtina edən partiyalar xüsusən radikal müxalifət bu addımı bir daha götür-qoy etməlidir. Bəzi radikal xarakterli siyasi şərhlər sadəcə təəsüf doğurur. Çünki bu şərhlər emosional, qərəzli olub obyektivlikdən uzaqdır. Emosional və spekulyativ xarakterli bu şərhlər və çıxışlar yüngül desək dövlətimizin və xalqımızın mənafeyinə xidmət etmir.
Amma bütün siyasi partiyalar belə deyil. Siyasi sistemimizdə rasional və demokratik düşüncəyə əsaslanan kifayət qədər partiya var. Məhz onların da köməkliyi ilə yeni qanun uğurla tətbiq olunacaq və ölkəmizin sisyasi sisteminin daha da mükəmməlləşməsinə xidmət edəcək.