Dəyişən dünya nizamı fonunda hər bir ehtimala hazır olmalıyıq və hazırıq
Ənvər Haqverdiyev
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının əməkdaşı
Bəzən sadə insanların dilindən tez-tez eşitdiyimiz “dünya həmin dünya olmayacaq” ifadəsi son günlərdə həqiqətə çevirilməkdədir. Son iki ildə dünyanın bütün sütunları yerindən oynamış, mümkün olmayan hər şey reallaşmışdır. Öz regionumuzda, qonşu regionlarda Avropanın, hətta dünyanın gələcək siyasi xəritələrinin dəyişəcəyi bir geosiyasi vəziyyət yaranmışdır. Siyasi sferada bu sayaq ciddi dəyişikliklər axırıncı dəfə təxminən 30 il əvvəl Sovet İttifaqının dağıldığı dövrlərə təsadüf etməkdədir. Məhz dünyanın sözün həqiqi mənasında başını itirdiyi o dövrlərdən sonra uzun bir müddət həm dövlətimiz, həm də regionumuz özünə gələ bilməmişdir. O zamankı hakimiyyətdə olanların verdikləri yalnış qərarlar 30 illik işğal prosesinə səbəb olmuşdur. İndi yenidən dünyada qeyri-stabil bir vəziyyət yaranıb. Belə bir vəziyyətdə dövlətimizin və dövlət başçımızın verdiyi əhəmiyyətli qərarlar son nəticədə xalqımızın gələcəyinə təsir edəcək amildir. Müdrik xalıqmız tarixi təkamül prosesini və başımıza gətirilən müsibətləri unutmur, milli maraqlarımızın həyata keçirilməsi istiqamətində tariximizdən nəticələr çıxarır. Vaxtı ilə doğru verilməmiş qərarların 30 il əziyyətini çəkdiyimiz üçün hər addımı düşünüb atan dövlət başçısının nəyi, nə vaxt, necə edəcəyini yaxşı bilməsi ilə bağlı fikirlərinin böyük reallıq olduğunu dünya görür.
Dünyada hadisələr fevralın son günlərindən başlayaraq sürətlə və yüksələn xətlə davam etməkdədir. Ukraynada Rusiyanın hərbi əməliyyatlar həyata keçirməsi və Rusiyaya qarşı qərb ittifaqının, NATO-nun sanksiyaları böyük ehtimal ki, dünya siyasətini kökündən dəyişdirəcəkdir. Heç kim bu hadisələrin sonda hansı nəticələrlə başa çatacağını təxmin edə bilməz. Sovet İttifaqı dağıldıqdan sonra bir qütblü dünya düzəni bu hadisə ilə kökündən dəyişdi. Artıq deyə bilərik ki, iki qütblü dünyamız vardır. Əgər qərb hadisələri biraz daha izləmə mövqeyi tutsa, Rusiya isə təyziqlərə tab gətirə bilsə əminəm ki, tam fərqli bir dünya barəsində danışacağımız günlər elə də uzaqda deyil. BMT-nin müasir dünyada hadisələrə müdaxilə etmək qabiliyyətinin olmaması, Təhlükəsizlik Şurasına daxil olan beş daimi üzv ölkənin dünyada digər dövlətlərin maraqlarını nəzərə almadan öz şəxsi maraqlarına uyğun davranmaları böyük dəyişikliklərin olması haqqında həyacan təbilini çoxdan çalmaqda idi. İndiki dünyada ölkənin coğrafi miqyası deyil, dövlətlərin yürütdükləri siyasətin çəkisi və əməkdaşlığa, sülhə verdikləri töhvələr əsasdır. İkinci Dünya Müharibəsindən sonrakı vəziyyətlə bugünkü vəziyyəti bir tutmaq və 1945-ci ilin qaydaları ilə dünyanı idarə etmək mümkünsüzdür. Türkiyə Respublikasının Prezidenti cənab Ərdoğanın son illər səsləndirdiyi “dünya beşdən böyükdür” tezisinin həqiqəti əks etdirməsinin son günlərdə dəfələrlə şahidi oluruq. Türkiydə keçirilmiş Antalya Diplomatik Forumunun dünyada funkisional vəzifələri daha da artmışdır. Hesab edirəm ki, indiki dünyanın rastlaşdığı çətin anlarda Antalya Diplomatik Forumu ATƏT-in missiyası öz üzərinə götürə bilər. Türkiyənin regionun bütün dövlətləri ilə yaxşı münasibətlərə malik olması və dünya miqyasında qəbul olunan güc kimi formalaşması qardaş ölkənin sülhyaratma missiyasında əhəmiyyətini daha da artıracaqdır.
Azərbaycan keçmiş Dağlıq Qarabağ münaqişəsini həll etməklə dünyaya və öz regionuna sonsuz töhvələr vermişdir. Yolların açılması, ticarət əlaqələrinin qurulması və yeni münasibətlərin yaranması nəticədə bütün Cənubi Qafqaz regionunun tərəqqisinə xidmət edəcəkdir. Lakin Ermənistan və Qarabağda separatçı ünsürlər öncə Qazaxıstanda baş verənləri, daha sonra isə Ukraynadakı müharibəni fürsət bilərək biri sülh danışıqlarını uzadır, digəri isə Rusiya sülhməramlılarının məsuliyyət zonasında sabitliyi pozmağa çalışır. Bu hərəkətlər regional sülhü və əməkdaşlığı ciddi təhdid edən Ermənistanı bütün layihələrdən kənarda qoymaqdadır.
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Rusiya Quru Qoşunlarının komandanın müavini ilə separatçı tör-töküntülərin ərazilərimizdən çıxarılması ilə bağlı son görüşü də regionda xeyirimizə doğru hadisələrin cərəyan etdiyini göstərir. Ukraynada hadisələrin gedişatından asılı olmayaraq Azərbaycan həm Rusiya, həm də qərb dövlətləri üçün böyük əhəmiyyətə malikdir. Novruz bayramı ilə bağlı ABŞ prezidenti Co BaydeninAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi təbrik etməsi və təbrikdə “Novruz bayramı” sözünün məhz ana dilimizdə yazılması böyük tarixi hadisədir. Görünür regionda böyük yeniliklər gözlənilir. ABŞ ümumillikdə qərb ilə birlikdə yeniliklər fonunda Azərbaycan və Türkiyəni öz yanında görmək istəyir. Bu təbrik mətni ilə Baydan rəhbərliyində ABŞ bundan sonra da Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu açıq ifadə etmiş oldu.
Zəngəzur dəhlizi əlbəttə, Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Lakin unutmaq lazım deyil ki, 30 illik işğal dövründə Azərbaycan özü üçün alternativlər formalaşdıra bilmişdir. Baxmayaraq ki, işğalı Ermənistan həyata keçirmişdi və dünyada onu dəstəkləyən qüvvələr var idi. Azərbaycan isə reallaşdırdığımeqa miqyaslı layihələr hesabına o zamanki düşmən ölkəni hər şeydən kənarda saxlaya bilmişdir. Azərbaycan bütün hallarda rastlaşdığı problemləri həll edə bildi. Dünya bazarına öz məhsullarını Gürcüstan vasitəsi ilə çıxardı. Ermənistan isə daha da çətin və çıxılmaz hala düşdü. İndi Vətən Müharibəsindən sonra tarixi bir mərhələ, dövr yaranmışdır ki, Ermənistan dalandan çıxsın və Azərbaycanla əməkdaşlıq sayəsində regional layihələrdə iştirak etsin. Bundan sonra Ermənistan özü qərar verməlidir ki, dost olmaq istəyir, ya düşmən. Hər halda düşmən olmağın acı nəticəsini yaşayan bir dövlət kimi bilməlidir ki, bundan sonra nəticə daha da pis ola bilər. Dəyişən dünya nizamı fonunda milli maraqlarımız naminə hər bir ehtimala hazır olmalıyıq və hazırıq.
Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. İlk baxışdan iqtisadi sənəd kimi görünən lakin siyasi yükü kifayət qədər ağır olan bu sənəd regionda yeni reallıqların təzahürüdür. İran Vətən Müharibəsindən sonra Xankəndinə nəinki öz yük maşınlarını göndərmir, hətta Azərbaycanla Zəngəzur dəhlizinin cənub zolağını formalaşdırmaqla öz mövqeyini açıq ifadə edir. İllərlə de-yure olmasa da de-fakto işğalı və işğalçıları dəstəkləyən İran sözün bütün mənalarında rasional davranır və Azərbaycanla əməkdaşlıq edərək Ermənistanın biraz daha dalana, çıxılmaz vəziyyətə çevirilməsinə şərait yaradır. Bu, İlham Əliyevin dahi diplomatik gedişidir. Bəli, biz bütün vasitələrdən istifadə edərək sülhə dəvət edirik və beş maddəlik təkliflər paketi də qəbul olunandır. Lakin Ermənistanın xəstə düşüncələrini və mənasız israrlarını çox da gözləmək fikirimiz yoxdur. Biz öz alternativlərimizi yaradırıq. Çox sevindirici haldır ki, qonşu dövlətlər reallıqları dərk edə bilirlər. Qısacası itirən yenə də Ermənistan oldu. Halbüki, Zəngəzur dəhlizindən böyük iqtisadi dividentlər əldə oluna bilərdi.
Azərbaycanın beş maddədən ibarət sülh təklifinə ATƏT-in Minsk qrupunu işin içinə qataraq cavab vermək Ermənistanı dalana çevirməyə davam edəcək. Artıq bu qurumun sülhyaratma missiyasının yararsız olması aydın görünür və faktdır. Əgər Azərbaycan özü öz torpaqlarını işğaldan azad edirsə, demək ki, bundan sonrakı mərhələdə də ATƏT-in fəaliyyətinə ehtiyac duyulmur. Ermənistan bilməlidir ki, müharibəyə qədər mövcud olmuş bütün danışıqlar formatlarını yenidən canlandırmaq mümkünsüzdür. Humanitar məsələlərlə bağlı olan hissələri gündəmə gətirmək olar. Lakin tamamı ilə keçmişə qayıtmaq isə əsla mümkün deyildir. Cünki regional reallıqlar kökündən dəyişmişdir. İndiki dünyada hadisələrə müdaxilə etməyə heç BMT-nin, NATO-nun gücü çatmır. Belə olan təqdirdə Ermənistan üçün ən yaxşı seçim sülh müqaviləsinin imzalanması və Azərbaycanla əməkdaşlıqdır.