Leyla Əliyeva
Yeni Azərbaycan Partiyasının üzvü
Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin direktoru
Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi, innovativ inkişafı, rəqabət qabiliyyətinin artırılması, enerji səmərəliliyinin təmini ilk növbədə iqtisadi artıma istiqamətləndirilsə də, əslində əsas məqsəd hər bir insanın həyat şəraitinin yaxşılaşdırılması və gələcək nəsillərin normal rifah şəraitinin təmin edilməsidir.
Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Azərbaycan enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
Respublikamızın iqlim ehtiyatları alternativ enerji mənbələrindən istifadəni əlçatan edir. Tükənən enerji resurslarının məhsuldarlığının yüksək olmasına baxmayaraq külək, günəş və geotermal enerji mənbələrindən istifadə diqqət mərkəzində olmuşdur. Külək enerjisi ancaq Xəzər dənizi ətrafı ərazilərdə istifadəsi mümkün olsa da ölkəmizin bütün regionlarında günəşli günlərin çoxluğu və relyef amilləri günəş enerjisindən istifadənin əlçatanlığını artırır. Yerin daxili enerjisindən istifadə də hazırda diqqət mərkəzindədir. Ölkəmiz bu istiqamətdə inamlı addımlar atılır. Cənab Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan etmişdir. Artıq bu ərazilərdə bir neçə su-elektrik stansiyası inşa edilərək fəaliyyət göstərir. Aparılan dəqiq hesablamalara görə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparılır.
“Yaşıl Enerji Zonası”nın yaradılmasına dair tapşırığın icrası çərçivəsində işğaldan azad olunmuş bölgələrdə günəş, külək, biokütlə, termal, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, ərazilərin koordinatlarının təyin olunması məqsədilə, habelə mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının, həmçinin su anbarlarında, göllərdə, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi ilə enerji təchizatının təmin olunması istiqamətində araşdırmalar aparılmaqdadır.
Hazırda regionda və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycan dörd qonşu ölkəyə enerji ixracını artıq təmin edib və digər bazarlara da çıxacaq. Azərbaycanın güclü siyasi iradəsi və fəaliyyətinin uğurlu tarixi bunu deməyə əsas verir. Ölkəmizin Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyi bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısı uğurlu olmuşdur. Tam əminliklə deyə bilərik ki, Azərbaycan dövlətinin Avropa qitəsində həm təbii qaz, həm də bərpa olunan enerji istehsalı ilə bağlı gələcək layihələri də eyni uğurla həyata keçəcəkdir.