Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir

Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir

Aynur Qafarlı

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin müəllimi  

Aprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası keçirilib.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynadığını vurğulayıb.Həmçinin o qeyd edib ki,bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir.

Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir.Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır.

Enerji şirkətimiz - Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda həm hasilat, həm nəqlolunma, həm də çatdırılma ilə məşğuldur. Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək.

Mövcud qaz boru kəməri sisteminin genişləndirilməsində birgə səylər haqqında düşünməliyik. Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir. Biz onları genişləndirməliyik. Əlbəttə ki, bunun üçün maliyyələşmə lazım olacaq. Burada vacib bir nöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları, xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaqdır. Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq.

Beləliklə, müqavilələr artıq imzalanıb, işçi proqram təsdiqlənib. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənub Qaz Dəhlizi – bütün bu işlər qeyd etdiyim kimi, bütün iştirakçılarla əməkdaşlıq sayəsində görülmüşdür. Beləliklə, faydalı qazıntı layihələrinin maliyyələşdirilməsinin dayandırılması siyasəti başlayanda, bu, investorlara, şirkətlərə, ölkələrə müsbət olmayan siqnal göndərir. Bir sözlə, düşünürəm ki, həmin mühüm məqam da, ola bilsin, müzakirə ediləcək.

Ümid edirik ki, Avropada çox geniş yaşıl gündəliyə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq və ayrı-seçkiliyə məruz qalmayacaq.

Əslində, bu, COP29-dakı mesajımız idi. Azərbaycan qlobal beynəlxalq tədbirə ev sahibliyi etdiyi zaman qeyd olundu ki, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamalıdır. Əksinə, faydalı qazıntıları zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələr alqışlanmalıdır, onlara hücum çəkilməli deyil.

Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.

Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirib. Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa keçirilib. Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq üzrə sənədlər imzalanıb.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir.