Cəbrayılla bağlı ən önəmli məqamlardan biri Xudafərin körpüsünün işğaldan azad olunmasıdır

Cəbrayılla bağlı ən önəmli məqamlardan biri Xudafərin körpüsünün işğaldan azad olunmasıdır

Səlim Rəhimzadə

YAP Suraxanı rayon təşkilatının fəal üzvü
“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi

27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və işğala son qoymaq üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçərək 30 ilə yaxın davam edən işğala 44 gün ərzində son qoydu. Azərbaycan 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını gözlədi. Amma elə ölkələr var ki, bu qətnamələr bir neçə saatda tətbiq edilir. Ona görə rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından, xüsusilə BMT Baş Assambleyasından bəyan edirdi ki, bu qətnamələrin icrası üçün vahid mexanizm hazırlanmalı və bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir.

Dövlət başçısı İlham Əliyev bu günlərdə “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində bu məqamlara bir daha diqqət yönəldərək bildirdi ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib. Azərbaycan vaxtilə işğal olunmuş torpaqlarının azad edilməsinə çağıran, lakin sadəcə, kağız üzərində qalmış TŞ qətnamələrinin icrasını özü təmin etmiş bir ölkə kimi bunu çox gözəl anlayır. Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük İkinci Qarabağ müharibəsində aparıcı dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların 30 ildə edə blmədiklərini etdi. Haqq-ədalət bərpa olundu, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi.

44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlığının, birliyinin və dövlətimizin siyasi-iqtisadi qüdrətinin təntənəsi idi. Bu Zəfərin ilk səhifələrindən biri Cəbrayıl şəhərinin azad edilməsi oldu. Bu qələbə düşmənin illərlə qurduğu istehkamların yarılması, mənəvi sarsıdılması və ordumuzun müzəffər yürüşünün davamı üçün strateji baza rolunu oynadı. Hadrut, Zəngilan, Qubadlı, Laçın və nəhayət, Şuşa istiqamətində aparılan əməliyyatların uğuru məhz Cəbrayıl zəfəri ilə möhkəmləndi.

Cəbrayılın işğaldan azad olunmasında ən önəmli məqamlardan biri xalqımızın tarixində xüsusi yeri olan Xudafərin körpüsünün də işğaldan azad olunması ilə bağlı oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın müharibənin başa çatmasından qısa müddət sonra, yəni 2020-ci il noyabrın 16-da Cəbrayıla səfərləri çərçivəsində Xudafərin körpüsündə olmaları və Ali Baş Komandanın orada müqəddəs Bayrağımızı ucaltması qürur səhifələrimizdəndir.
Bu gün azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, mərhələ-mərhələ sakinlərinə qovuşaraq yenidən nəfəs alır. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, bu gün  Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər.

Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində azad olunmuş ərzilərmizdə, o cümlədən Cəbrayıl rayonunda yeni sənaye parkları, sosial obyektlər, məktəblər, yaşayış kompleksləri inşa olunur və köç prosesləri həyata keçirilir.  Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən, Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Bu zona Cəbrayıl rayonunun iqtisadi inkişafına böyük töhfə verəcək və regionun sənaye, kənd təsərrüfatı və logistika sahələrində potensialını artıracaq.

İşğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri fonunda soydaşlarımızın doğma yurd yerlərinə qayıdışı, bu torpaqlarda yeni həyatın başlanması davamlılığı ilə diqqətdədir. Ötən bu illər ərzində  sakinlərinə qovuşan Füzuli,  Laçın,  Şuşa,  Xocalı, Cəbrayıl şəhərlərinin sırasına bu il Kəlbəcər şəhəri də daxil oldu. İşğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində yenidən qurulması hər birimizi qürurlandırır. Artıq bu ərazilərimizdə yeni həyat başlayıb. Ötən ilin mayında Şuşa və  Xocalı şəhərləri sakinlərinə qovuşdu. Ötən il, həmçinin Xankəndidəki Qarabağ Universiteti ilk tələbələrini qarşıladı. Tarixi Zəfərimizdən ötən 5 il biri-birindən qürurverici hadisələrlə zəngindir.

Ötən il oktyabrın 4-də, Cəbrayıl Şəhəri Günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim etdilər. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bir daha bildirdi ki, bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda - bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik.