Aysel Mustafayeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, S.Bəhlulzadə adına xarici dillər təmayüllü Respublika gimnaziyasının müəllimi
1 şəhər, 4 qəsəbə,92 kənddən ibarət olan Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdılmış və rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. Sement, mərmər, mişar daşı ilə zəngin olan rayonun əhalisi işğaldan əvvəl taxılçılıq, baramaçılıq,heyvandarlıq,üzümçülüklə məşğul olmuşdur.
İşğal nəticəsində rayonun əhalisi müxtəlif qəsəbə və kəndlərdə məskunlaşmış, müxtəlif tarixi və memarlıq abidələri – Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və digər abidələr dağıdılıb məhv edilmişdir.
2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə və digər strateji yüksəkliklərin azad olunmasından sonra Cocuq Mərcanlıya başlayan qayıdış Böyük Qayıdışın başlanğıcı oldu.
2020-ci il 27 sentyabrda başlayan və Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük müharibənin başlanması ilə Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi Azərbaycan üçün böyük tarixi və siyası əhəmiyyətə malikdir .
Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Həmin Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub. İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi Cəbrayılda da bərpa-quruculuq işləri aparılmışdır. Rayon elektrik təminatı ilə təchiz edilmiş, nəqliyyat yolları çəkilmiş, yaxın zamanlarda elektrik enerji stansiyasının tikintisinə başlanılacaq. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir.
Cənab Prezident İlham Əliyevin Cəbrayıla səfərləri çərçivəsində Xudafərin körpüsünə və Cəbrayıl şəhərinə Azərbaycan bayrağı sancılmış, KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimi, “Cəbrayıl” yarımstansiyanın açılışı, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun, tam orta məktəbin,yaşayış kompleksinin təməlqoyma mərasimləri keçirilmişdir.