Cəbrayıl: İşğaldan Azadlığa, Bərpadan Gələcəyə Doğru

Cəbrayıl: İşğaldan Azadlığa, Bərpadan Gələcəyə Doğru

Kamran Xəlilov

Yeni Azərbaycan Partiyasının təəssübkeşi

Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin müəllimi

Cəbrayıl rayonu Azərbaycanın cənub-şərqində yerləşən, tarixi boyu zəngin mədəni irsi və məhsuldar torpaqları ilə tanınan bir bölgədir.1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi.27 illik işğal dövründə Cəbrayıl rayonunun 1 şəhəri, 4 qəsəbəsi və 92 kəndi talan edildi, ərazilər viran qoyuldu. Bu işğal nəticəsində 61,100 sakini məcburi köçkün həyatı yaşamağa məcbur oldu.2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən Müharibəsi rayonun taleyində tarixi dönüş yaratdı.4 oktyabr tarixində Cəbrayıl şəhəri işğaldan tam azad edildi.Bu, müharibənin gedişində kritik məqam oldu və digər rayonların azad edilməsi üçün yol açdı.Azad edilməsi zamanı rayonun strateji əhəmiyyəti və mürəkkəb relyefi nəzərə çarpırdı.Düşmən bir neçə müdafiə xətti qurmuşdu, lakin Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar həyata keçirdi. Bu qələbənin şərəfinə 2020-ci il noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə" medalı təsis edildi və 22,797 hərbi qulluqçu bu medalla təltif edildi. Bu medal yalnız hərbi qəhrəmanlığı yox, həm də Cəbrayılın azadlığı uğrunda verilən şəhidlərin xatirəsini əbədiləşdirir.İşğal dövrü Cəbrayıl üçün maddi və mənəvi cəhətdən ağır itkilərlə nəticələndi. Erməni vandalizmi nəticəsində rayonun 132-dən çox tarixi və mədəni abidəsi, o cümlədən qədim Xudafərin körpüləri dağıdıldı.

13,147 fərdi yaşayış evi, 91 təhsil müəssisəsi və 77 səhiyyə obyekti viran qoyuldu. Bu dağıntıların ümumi maddi ziyan dəyəri 5,346,654,240 olaraq qiymətləndirilib ki, bu da işğalın nə qədər məhv edici olduğunu aydın şəkildə göstərir. Azadlıqdan sonra Cəbrayılda sürətli və genişmiqyaslı bərpa işləri başladıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu işlər rayonu müasir, abad bir bölgəyə çevirməyi hədəfləyir. Bu bərpa prosesi təkcə binaların tikintisindən ibarət deyil, həm də Cəbrayılın sosial-iqtisadi həyatının bərpasından ibarətdir.Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfərləri bərpa işlərinin planlı şəkildə həyata keçirilməsində mühüm rol oynayıb. 16 noyabr 2020-ci ildə Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Dövlət bayrağının ucaldılması, işğal zamanı Ermənistanın polis idarəsinin yerləşdiyi binaya baxış və dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxış həyata keçirilib.

Bu səfərlər Cəbrayılın bərpası üçün hökumətin sərmayə qoymaq iradəsini nümayiş etdirirdi. 2021-ci ilin müxtəlif aylarında davam edən səfərlər zamanı Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən
işlər ilə tanışlıq, rayonun girişində "Cəbrayıla xoş gəlmişsiniz!" lövhəsinə baxış, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı və digər əhəmiyyətli layihələrin təməlqoyma mərasimləri keçirilib. Bu tədbirlər Cəbrayılın təhlükəsizliyinin təmin edilməsi və iqtisadi həyatının bərpası istiqamətində atılmış mühüm addımlar idi.

2021-ci ilin oktyabrında Prezident İlham Əliyev və Türkiyə Prezidentinin birgə iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlqoyma mərasimi, ağac əkmə mərasimi, "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin təməlqoyma mərasimi həyata keçirilib.2023-cü il mayın 5-də Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyulmuşdur. Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində HacıqabulMincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometr olan dörd hərəkət zolaqlı yol boyunca avtomobil körpüləri tikiləcək. Bu yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə Cəbrayılın iqtisadi inkişafına önəmli töhfə verəcək.

2024-cü ilin may ayında Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib. 19 may 2024-cü ildə isə "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılışı olub. Bu infrastruktur layihələri Cəbrayılın enerji təchizatının yaxşılaşdırılmasına xidmət edir. 3-4 oktyabr 2024-cü il tarixlərində Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub, Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbin binasının açılışını edib, Cəbrayıl şəhərində alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub, Cəbrayıl rayonunda damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub.

 "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında yeni müəssisələrin təməlini qoyub və Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışını edib. Bu müxtəlif layihələr Cəbrayılın çoxşaxəli inkişafını hədəfləyir. Cəbrayılın bərpası və inkişafı üçün "Araz Vadisi İqtisadi Zonası"nın yaradılması bütün regionun inkişafı üçün önəmli hadisədir. Bu zonada 13 rezident fəaliyyət göstərir. Ümumi investisiya həcmi 133,8 milyon manat olmaqla, burada mebel, tikinti materialları, ayaqqabı və digər məhsullar istehsal ediləcək. Bu iqtisadi zona Cəbrayılın iqtisadi cəhətdən canlanmasında mühüm rol oynayacaq.Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı hazırlanıb. Bu plana əsasən, şəhərdə müasir infrastruktur, yaşayış məntəqələri, təhsil və səhiyyə müəssisələri, sənaye obyektləri inşa ediləcək.

Cəbrayıl Yaşayış Kompleksində 33 yaşayış binasında 712 mənzil yaradılacaq və 2,158 keçmiş məcburi köçkün məskunlaşacaq. Bu plan Cəbrayılın uzunmüddətli inkişaf perspektivlərini əhatə edir. Cəbrayılın azad edilməsi və bərpası Azərbaycan xalqı üçün milli qürur mənbəyidir. Bu rayonun dirçəlişi Azərbaycanın işğaldan əziyyət çəkmiş bütün regionlarının bərpası üçün model kimi xidmət edir.Cəbrayılın gələcəyi parlaqdır və o, Azərbaycanın cənub-şərqində inkişaf edən müasir bir bölgə kimi ərazinin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəkdir.