Yunis Əsgərli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nin Əmircan QİƏD üzrə nümayəndəsinin müavini
Azərbaycan dövləti 2020-ci ildən etibarən Qarabağa Böyük Qayıdış prosesinə başlayıb. Vətəndaşlarımızın tarixi torpaqlarımızda məskunlaşması isə sürətlə davam edir. Vətən müharibəsində Azərbaycanın hərbi yolla qazandığı qələbə nəticəsində Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuş və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı imzalamışdır. Dövlətimiz tərəfindən işğaldan azad olunan bütün ərazilərdə, o cümlədən Cəbrayılda sürətlə bərpa-quruculuq işləri həyata keçirilir.
Bu gün Azərbaycanda prioritet fəaliyyət sahələrindən biri işğaldan azad olmuş ərazilərin yenidən qurulması, bərpasıdır. Qarabağ və Şərqi Zəngəzurdakı viran qalmış şəhərləri, kənd və qəsəbələri yenidən qurub, köçkün düşmüş insanları yurd-yuvalarına qaytarmaq dövlətimizin əsas vəzifələrindən biridir. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. Keçmiş işğal zonasına həyatın qaytarılması yalnız işğalın nəticələrini aradan qaldırmaqla icra olunan quruculuq və bərpa prosesindən ibarət deyil. Dövlət başçımızın da ifadə etdiyi kimi, “Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz – bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq”.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. İndi həmin ərazilərdə tikinti-abadlıq, yenidənqurma işləri geniş vüsət alır.
İşğaldan azad edilmiş digər bölgələr kimi Cəbrayıl da getdikcə daha çox nura qərq olur. Cənab İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlayan “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzi yüksək səviyyədə inşa olunub. Mərkəz 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasından qidalanır. Qovşaq yarımstansiyası kimi Zəngilan, Qubadlı rayonları və Hadrut qəsəbəsi ilə əlaqələndirilməklə 35 kilovoltluq dairəvi elektrik təchizatı sxeminə daxil olması nəzərdə tutulub.