Çin ilə iqtisadi əməkdaşlıq və qarşılıqlı ticarət həcminin artması gələcəkdə ölkələrimizi daha da birləşdirəcək

Çin ilə iqtisadi əməkdaşlıq və qarşılıqlı ticarət həcminin artması gələcəkdə ölkələrimizi daha da birləşdirəcək
TACƏDDİN ALLAHYARLI
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin direktoru

Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 22 iyul tarixində “China Global Television Network” kanalına geniş müsahibə vermişdir. Prezident İlham Əliyev bu müsahibəsində ölkəmizdə gedən quruculuq işləri, siyasi-iqtisadi proseslər, Ermənistan-Azərbaycan münasibətləri, milli-mənəvi dəyərlər və Azərbaycanın Dünyaya inteqrasiyası kimi məsələlərə toxunub. Ölkədə gedən müsbət prosesləri uzun zaman müddətində aparılan düzgün siyasətin nəticəsi kimi qiymətləndirib.

Cənab İlham Əliyev ölkə ərazisində qədim tarixə malik olan şəhərlərin əsl orijinallığını və mədəni irsinin qoruyub saxlanılmasının vacibliyinə toxunub. O, həmçinin, bu prosesin içərisində şəhərlərin inkişafın da parallel surətdə getməsini vurğulayıb. Ölkəmizin uğurlu daxili və xarici siyasəti Ulu Öndərdən bizə ötürülən ən qiymətli dəyər olması ilə yanaşı, onun əvəzsiz xidmətini bizə çatdırmışdır. Məhz Heydər Əliyev siyasəti ölkənin inkişafına və vətəndaş müharibəsinə son qoymuşdur. Bizim əsas məqsədimiz dəyişən Dünyada 30 yaşlı gənc Azərbaycan dövlətinin möhkəmləndirilməsi və Azərbaycanın iqtisadi-siyasi inkişafını möhkəmləndirməkdir.

Ölkəmizin Çin ilə münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin siyasətinin mühüm rolu olub. Məhz bu siyasətin nəticəsidir ki, bu gün bizim Çinlə dostluq münasibətləri ilə yanaşı iqtisadi münasibətlərimiz də mövcuddur. Heydər Əliyev Çin haqqında məlumatlı idi: Çində inkişafın dinamikasına yaxşı bələd idi. Ulu Öndər daim cəmiyyətin nəbzini tutan, insanların həyat şəraiti ilə yaxından maraqlanan şəxs olmuşdur.

Prezident İlham Əliyev müsahibəsində Ulu Öndər Heydər Əliyevi Prinsipiallıq və Vətənə sədaqət nümunəsi kimi dəyərləndirərək 1990-cı ilin 20 yanvarında baş verən qanlı hücuma qarşı etiraz səsini ucaldan və bu hadisəni pisləyən yeganə şəxs kimi qiymətləndirib.

Ulu Öndər daim xalqının maraqlarını şəxsi maraqlarından üstün tutmuşdur. Buna görə də biz onu müasir Azərbaycan qurucusu adlandıra bilərik. Məhz 1993-cü ildə Ulu Öndər Azərbaycanda rəhbərliyi öz üzərinə götürərək ölkəni xaosdan xilas etdi. Bu gün digər dövlətlərlə əldə etdiyimiz ikitərəfli əlaqələr uzun bir yolun başlanğıcı olmuşdur. Digər dövlətlərin daxili işlərinə qarışmamaq və bir sıra digər mövqelərimiz üst-üstə düşür.

Çin ilə iqtisadi əməkdaşlıq və qarşılıqlı ticarət həcminin artması gələcəkdə ölkələrimizi daha da birləşdirəcək. Yeni nəqliyyat marşrutlarını görürük. Ölkələrimizdə fəaliyyət göstərən partiyalar arasında əməkdaşlıq Azərbaycan və Çin arasında yekdil siyasəti yaradır. Çinin dünyada dostlarının sayının çoxalması onun beynəlxalq nüfuzunun göstəricisidir. Pandemiya dönəmində peyvəndlənmə ilə bağlı ölkəmiz çətinlik çəkəndə bizə yardım edən yeganə ölkə Çin oldu. Ölkələrimizin qədim İpək Yolu üzərində yerləşməsi bir daha oxşarlığımızı artırır. Bu oxşarlıq çox etnik və çox konfessiyalı xarakteri ilə seçilir.

Prezident İlham Əliyev Azərbaycanda bütün etnik qrupların bir ailə kimi yaşamasını Multikulturalizmin Azərbaycan modeli adlandırıb. Cənab Prezident ölkəmizin daim ədalətli mövqedən çıxışını qeyd edərək öz ərazimizi azad edərkən digər ölkənin ərazisinə bir addım atmadıq deyərək vurğulayıb. Amma, təəssüf ki, bir sıra Qərb ölkələrində, ABŞ və Fransada güclü erməni lobbisi fəaliyyət göstərir. Onlar vaxtaşırı bizə qarşı yönələn davranışları ilə Azərbayacanofobiya mühitini yaradırlar. Biz isə bir çox ölkələrdən fərqli olaraq Azərbaycanın prioritetlərinə və milli maraqlarına cavab verməyən hər hansı işə qoşulmuruq. Fransanın Ermənistanın ən böyük vəkilinə çevrildiyini cənab Əliyev xüsusi vurğulayıb. Biz Çinin ərazi bütövlüyünü tanıyır və vahid Çin siyasətini dəstəkləyən ölkələrdən biriyik.         

İkinci Qarabağ müharibəsi bitdikdən sonra sülh müqaviləsi ilə bağlı prinsiplərimiz dəyişməyərək beynəlxalq hüquqi normalara əsaslanır. Yeganə və əsas amil odur ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanısın. Ölkəmiz dini və etnik zəmində həmişə problemsiz olub. Biz bunu Qarabağ bölgəsində yaşayan ermənilər üçün tətbiq etməyə hazırıq.

Ölkəmiz müəyyən illərdə mühüm beynəlxalq idman tədbirlərinə də ev sahibliyi edib. Bunlardan 2015-ci ildə ilk Avropa oyunlarını, 2017-ci ildə İslam Həmrəyliyi oyunlarını, Formula 1 yarışlarını, 2019-cu ildə Avropa Liqasının final matçını və UEFA 2020-ci ilin matçıları 2021-ci ildə Bakıda keçirilməsini missal göstərə bilərik.

Cənab Prezident İlham Əliyevin “China Global Television Network” kanalına ölkəmiz haqqında verdiyi geniş müsahibə bir daha onu göstərir ki, o, Azərbaycanın beynəlxalq arenada hərtərəfli tanınmasına Dövlət Başçısı kimi maraqlıdır və daim ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edir.