Bu qardaşlıq münasibətləri üzvi surətdə bütün sahələrə sirayət edir
Elnara Ilyina
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin müəllimi
Türkiyə Respublikasında keçirilmiş prezident seçkilərində qalib gəldikdən sonra iyunun 13-də Rəcəb Tayyib Ərdoğanın ilk olaraq Azərbaycana səfəri Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyəsinin ifadəsidir. Bu münasibətlər strateji əməkdaşlığın daha vüsətlə inkişafı üçün yeni yeni imkanlar açır.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu “İki dövlət, bir millət” şüarı altında bərqərar olan Azərbaycan Türkiyə qarşılıqlı əlaqələri 2015-ci ilin 15 iyununda imzalanmış Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında rəsmi müttəfiqlik statusu aldı. Səfərin yekunlarına dair keçirilən mətbuat konfransında Prezident İlham Əliyev bu anlaşmanın siyasi və tarixi əhəmiyyətini yüksək qiymətləndirmişdir: “Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur”.
Azərbaycan-Türkiyə əlaqələri cənab İlham Əliyev və möhtərəm Rəcəb Tayyib Ərdoğan münasibətlərinin inikasıdır. Belə ki, bu ölkələrin liderləri imkan düşdükcə bütün səviyyələrdə, bütün vəziyyətlərdə bir-birinin yanında olduqlarını, sevinc və kədərinin eyni dərəcədə bölüşdüklərini bəyan edirlər. Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevə və ölkəmizin birinci xanımı Mehriban Əliyevaya qarşı xüsusi münasibət sərgiləməsi hər kəsin, o cümlədən dünya mediasının diqqətini cəlb etdi. İnaqurasiya mərasiminin keçirildiyi zalda iştirak edən dövlət və hökumət nümayəndələri arasında iki Liderin-Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin görüşü böyük alqışlarla qarşılandı.
Bu qardaşlıq münasibətləri üzvi surətdə bütün sahələrə sirayət edir və bütün istiqamətlərdə, o cümlədən beynəlxalq müstəvidə öz əksini tapır. Azərbaycan Prezidenti əməkdaşlığımızın bütün sahələrdə konkret proqramlar əsasında inkişaf etdiyini vurğulamışdır: “ Ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər.”
Beləliklə, Azərbaycan-Türkiyə münasibətləri Rəcəb Tayyib Ərdoğanın bu dəfəki dövlət səfəri ilə daha güclü, yeni zəfərlərlə müşayiət olunan bir mərhələyə keçəcək. Şuşa Bəyannaməsi ilə siyasi, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini müəyyənləşdirən, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoyan Azərbaycan və Türkiyə yeni hədəflərə birgə, daha əzmlə yürüyəcək. Bu hədəflər sırasında bölgədə daimi sülhə nail olmaq, xalqların birgə və rahat yaşamasını təmin etmək, Zəngəzur dəhlizini açmaq, TÜRK dünyasını daha sıx tellərlə birləşdirmək, Qarabağda aparılan bərpa-yenidənqurma işlərini tamamlamaq, regionun inkişafına, bütövlükdə dünyaya töhfə vermək kimi mühüm məsələlər yer alır.