Bu il üçün Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi gözlənilir
Rahilə Ağcayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 226 nömrəli məktəbin direktor müavini
Zəngilan rayonu 27 illik işğaldan sonra cənab Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında şanlı ordumuz tərəfindən işğaldan azad edildi. Bütün işğal altında olan torpaqlarımız kimi Ermənistan işğalçı qüvvələri tərəfindən böyük dağıntılara məruz qalmış, rayon ərazisində demək olar ki, salamat bina qoymamışdırlar. Şanlı ordumuz Zəngilan rayonunu və Qarabağı vandallardan təmizləməklə 30 ilə yaxın yurdundan didərgin düşmüş zəngilanlılara öz doğma torpaqlarına qayıtmaq imkanı yaratmışdır.
Dövlətimiz Zəngilan rayonu ərazisində dağıdılmış bütün tarixi, dini abidələri, mülki və sosial binaları bərpa etməyə başlamışdır. Artıq Zəngilan şəhər məscidi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə əsaslı şəkildə yenidən qurulmaqla təmir olunur. Cənab İlham Əliyevin dəfələrlə dediyi kimi biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik. Sevindirici haldır ki, Zəngilan rayonunda bu işlər artıq tam sürətlə başlanıb. Belə ki, Zəngilan rayonunun Ağalı kəndində pilot layihə olaraq smart kənd layihəsi üzrə yenidənqurma və bərpa işləri aparılır.
Bundan əlavə rayon ərazisində böyük regional və infrastruktur layihələr də həyata keçirilir. Bunlardan Zəngəzur dəhlizinin rayon ərazisindən keçən hissəsində də işlər tam sürətlə davam edir. Bu il üçün Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi gözlənilir. Bu layihələr öz növbəsində gələcəkdə Zəngilan rayonunun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsinə xidmət edəcək. Həm bu layihələr, həm də ölkə rəhbərliyinin müxtəlif xarici və yerli investorları cəlb etməklə rayon ərazisində müxtəlif miqyaslı investisiya layihələrini həyata keçirməsi keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışından sonra işlə təmin edilmələrinə böyük köməklik göstərəcək. Zəngilan rayonunun coğrafi yerləşməsi də öz növbəsində bu hədəflərə çatmağımızı asanlaşdıracaq.
Zəngilan rayonunun işğaldan azad edilməsi həm də ölkəmizin ərzaq təhlükəsizliyi üçün vacib üstünlükdür. Rayonun münbit torpaqları Azərbaycanın özünü ərzaq buğdası ilə təmin etməsinə, dolayısı ilə başqa ölkələrdən buğda asılılığından qurtarmasına köməklik göstərəcək.
İşğaldan azad edilmiş digər rayonlar kimi Zəngilan rayonunda da qarşıda duran məsələlərdən biri dağıdılmış landşaftın bərpasıdır. Ermənistanın işğalçı qüvvələri tərəfindən rayonun təbiətinə külli miqdarda ziyan dəymişdir və bu hal-hazırda da davam edir. İşğalçı qüvvələrin Ermənistan Respublikasından başlayan ekoloji terroru barədə Azərbaycan Respublikası ən yüksək səviyyədə müxtəlif tribunalardan haqq səsini qaldırmışdır. Lakin dünya dövlətlərinin ikili standartları bu məsələdə də özünü bariz şəkildə göstərmişdir.