Bu il 20 Yanvar faciəsinin 33-cü ildönümüdür
Zərxanım Zülfüqarova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 232 nömrəli tam orta məktəbin müəllimi
XX əsrin 80-ci illərinin sonlarında Azərbaycanda cərəyan edən hadisələr, o cümlədən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Moskva qanlı Yanvar qırğınını törətdi. 1990-cı il Yanvarın 19-dan 20-nə keçən gecə, 23:00-da Bakı şəhərinə Sovet İttifaqının qoşun hissələri daxil oldu. Əhaliyə xəbərdarlıq edilmədən Bakıda fövqəlada vəziyyət elan olundu. Azərbaycana göndərilən Ordu hissələrinin tərkibində Stavrapoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş, erməni əsgərləri və zabitləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdir.
“Bakı əməliyyatı” na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DPK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. 20 Yanvar faciəsi adı ilə tarixə düşən hadisə nəticəsində bir gecədə Bakıda və ətraf rayonlarda aralarında azyaşlıların, qocaların və qadınların da olduğu 131 nəfər öldürüldü, 744 nəfər yaralandı , 400 nəfər həbs olundu. Bütün bunlara baxmayaraq 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hüriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkətinin zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu.
Bu faciə nəticəsində sovet hakimiyyəti Azərbaycanda özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasında öz müsbət təsirini göstərdi. Azərbaycan xalqının Sovet İKP-yə və mövcud rejimə qarşı nifrət son həddə çatmış, Sov İKP üzvləri kütləvi sürətdə partiya biletlələrini ataraq onun sıralarını tərk edirdilər.
Faciənin ertəsi gün Moskvada yaşayan Ümumimilli lider Heydər Əliyev təzyiqlərə məhəl qoymadan Azərbaycanın daimi nümayəndəliyinə gəlib, cəsarətlə, qəti şəkildə sovet hökümətinin bu addımnın pislədi və bunun fəsadları haqqında rəhbərliyə xəbərdarlıq etdi. Heydər Əliyev faciəni dünyaya fərqli şəkildə çatdırmaq istəyən erməni və sovet məmurlarının planlarını alt -üst edərək dünyanın diqqətini Bakıya çəkə bildi. O qeyd edirdi ki, “Ölkənin ali siyasi rəhbərliyinə yalnış məlumat verənlər də məsuliyyət daşıyır. Qırğın törədənlərin hamsı layiqincə cəzalandırılmalıdır.”
Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar haqqında danışarkən qeyd edir ki, 33 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müthiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxt rəhbərliyinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir. Prezidentimiz şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına daim xüsusi diqqət ayırır. Onun bu sözləri hər bir Azərbaycanlı üçün örnəkdir: “Azərbaycan öz mübariz oğul və qızlarının şücayətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.”