Avqustun 9-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, YAP Suraxanı Rayon təşkilatının sədr müavini Salman Əbdülov, RİHB-nin müavinləri, şöbə müdirləri, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, Şəhid ailələri, Xətai RİH-in nümayəndələri Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasında şücaət göstərən Şəhidimizin əziz xatirəsini məzarı önündə ehtiramla yad edərək, inşa olunmuş abidəsinin açılış mərasimində iştirak etmişlər. Həmçinin, ehsan süfrəsində Samir Əliyevin ruhuna dualar oxunmuş və doğmalarına dərin hüznlə baş sağlığı verilmişdir.
Fəxri Xiyabanda başlanan tədbirdə Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilərək Dövlət himni səsləndirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bütün Şəhidlərimizin xatirəsini anmış, xalqımızın azadlığı, ölkəmizin suverenliyi naminə canlarından keçən Vətən övladlarımızın qəhrəmanlığının böyük qürur hissi doğurduğunu qeyd etmiş və Samir Əliyevi boya-başa çatdıran anası Sevda xanıma və nənəsi Cəmilə xanıma təsəlli vermiş, Vətənimizə belə gərəkli övlad böyütdükləri üçün bir daha təşəkkürünü bildirmişdir. O, qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın ölməz Vətən övladlarımızın hər birinin fotolarından ibarət plakatlarlarını vətəndaşlarla birgə başları üstündə daşıması xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirməsi bizim üçün örnəkdir.
Qeyd edək ki, 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edən leytenant Samir Əliyev sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 29.09.2020-ci il tarixində Ağuçuq istiqamətində gedən döyüşlərdə qrupu ilə birlikdə hücum edən düşmənin canlı qüvvəsini məhv etmiş, düşmən tankını geri çəkilməyə məcbur etmişdir. Yaralı olmasına baxmayaraq digər yaralı yoldaşlarına yardım edərək onları təhlükəli istiqamətlərdən çıxaran Samir Ağuçuq istiqamətində gedən hərbi əməliyyat zamanı Şəhid olmuşdur.