Hacıbala Abdulla
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin müəllimi
Prezident İlham Əliyev 4 oktyabr 2024-cü il tarixində Cəbrayılda şəhərin işğaldan azad olunmasının dördüncü ili münasibətilə çıxış edib.
Cəbrayıl işğaldan azad olunmuş ilk şəhərimizdir. Dörd il əvvəl məhz bu gün Ali Baş Komandan müjdəli xəbəri vermişdi. Cəbrayılın işğaldan azad olunmasının çox böyük əhəmiyyəti olmuşdur. Bu əməliyyat həm müharibənin sonraki taleyinə müsbət təsir göstərdi, həm də ordumuzda və xalqımızda ruh yüksəkliyini artırdı. Müzəffər ordumuzun şanlı zəfər yürüşü bundan sonra daha da sürətlənmişdi. Ardıcıl olaraq Hadrut, Füzuli, Zəngilan, Qubadlı və nəhayət 8 noyabrda Şuşa işğaldan azad edilmişdir. Sonda Ermənistan 10 noyabrda kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Cəmi 4 ildə baş vermiş dəyişikliklər uğurlu və sistemli bərpa-quruculuq prosesinin nəticəsidir. “Cəbrayıl rayonunun inkişafı ilə bağlı çox önəmli gündür. Çünki bu gün artıq bir neçə obyektin təməli qoyuldu. Bu obyektlərin inşası zamanı və inşaatından sonra fəaliyyəti zamanı bir çox sosial-iqtisadi məsələlər, ilk növbədə, təhlükəsizliklə bağlı tədbirlər öz həllini tapacaq” – deyə dövlətimizin başçısı qeyd edib.
Dərhal Cəbrayılın inkişafı ilə bağlı bütün lazımi tapşırıqlar verildi. İlk növbədə minalardan təmizlənmə işlərinə başlanıldı. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın ərazilərdə minalanma işləri daha geniş şəkildə aparılmışdı. Daha sonra isə infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıldı.
İşğaldan azad edilmiş ərazilərdə cəmi dörd il ərzində genişmiqyaslı və çox dəqiq planlar əsasında quruculuq işləri görülüb. Müharibədən əziyyət çəkən başqa heç bir ölkədə bu qədər sürətli və keyfiyyətli təmir-bərpa işləri aparılmamışdır. Görülən bütün bu işlər bir daha sübut edir ki, bu torpaqların əsl sahibləri kimlərdir.
Ölkəmizin başçısı çıxışında qərb dairələrində Azərbaycana qarşı yönəlmiş məkrli siyasətdən də danışıb. Prezidentin də söylədiyi kimi torpaqlarımız işğalda olduğu 30 il ərzində Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdu. Lakin ona qarşı heç bir sanksiya tətbiq edilməmişdir. BMT-nin qəbul etdiyi qətnamələr də sadəcə bir kağız parçası olaraq qalırdı. Əksinə bizə deyirdilər ki, Ermənistana qarşı kəskin ritorika işlətməyin. Bu sülh prosesinə mane olur. Hətta bizə deyirdilər ki, müharibəni uduzmusunuz, bununla barışın. Fransa və onun kimi digər qərb dövlətləri hər vəchlə çalışırdılar ki, biz bununla razılaşaq və torpaqlarımızı işğaldan azad etmək fikrindən daşınaq.
Ölkəmizə qarşı düşmənçilik siyasəti bu gün də dayanmır. Amerika Konqresinin 60 ermənipərəst üzvü Azərbaycana qarşı sanksiya tətbiq edilməsi üçün hökumətə müraciət etmişdir. Təbii ki, bu cür çirkin əməllər bizim iradəmizi sarsıda bilməz. Onlar hələ də barışa bilmirlər ki, Azərbaycan heç kimdən qorxmadan və heç kimdən icazə almadan öz hüquqlarını bərpa etdi. Həmin sanksiyaların arxasındaki səbəblərdən biri məhz budur. Ancaq biz heç kimdən çəkinmədən öz inkişafımızı və təhlükəsiz həyatımızı təmin etməliyik. Bunun üçün də biz yalnız öz gücümüzə arxalanmalıyıq. Qərb artıq Cənubi Qafqazı rahat buraxmalıdır.
Buradaki xalqlar aralarındakı məsələləri qarşılıqlı razılaşma yolu ilə həll etməlidirlər. Bu gün Ermənistanda bəzi revanşist qüvvələr yenidən xam xəyallar qurmağa çalışırlar. Unutmasınlar ki, biz Qarabağı 44 günə azad etdik, separatçıların yuvalarını isə cəmi bir neçə saata məhv etdik. Ona görə də heç kim bizimlə zarafat edib səbrimizi sınamağa çalışmasın. Bu gün şanlı bayrağımız işğaldan azad edilmiş bütün ərazilərimizdə qürurla dalğalanır.
Bir sözlə soydaşlarımızın öz yurd-yuvaların rahat və təhlükəsiz şəkildə yaşaması üçün bütün zəruri addımlar atılır. Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir.
Cənab Prezidentin də dediyi kimi, biz bu torpaqlarda əbədi yaşayacağıq və bundan sonra da hər il bu gözəl günü qeyd edəcəyik.