Bu gün Azərbaycan öz inkişafının qızıl dövrünü yaşayır
Cəmilə Ağayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin sədri
Hər bir dövləti, xalqı dünyada tanıdan onun siyasi lideri və rəhbəridir. Elə dövlətlər var ki, tarixə məhz öz güclü dövlət rəhbərlərinin sayəsində düşürlər. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun taleyinə bir yox, iki güclü siyasi lider düşmüşdür.
Yeni Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyev cənabları məhz özündən sonra qurub yaratdığı dövləti cənab İlham Heydər oğlu Əliyevə əmanət etmək arzusunda oldu. Elə ona görə də, ona ümid bəsləyən xalqına “Mən İlhama özüm qədər inanıram!” deməyi ilə Azərbaycanın xoşbəxt gələcəyinə bir növ zəmanət verdi.
İlk dəfə seçki qabağı platformasında Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyev xalqına belə bir söz verdi: “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam!”. Zaman göstərdi ki, Prezident verdiyi sözə əməl etdiyi kimi, deyilmiş vəsiyyətə də əməl edə bildi. O, eyni əqidədə və partiyada olan siyasi liderinin, həm gözəl davamçısı oldu və eyni zamanda Azərbaycanın qədim adət-ənənələrinə uyğun olaraq ləyaqətli övlad oldu.
2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının prezident seçkisində seçilmiş cənab İlham Əliyev növbəti dəfə dövlət, xalq naminə qarşıda görüləsi əməli işlərin proqnozunu verdi.” Ancaq iqtisadiyyatı güclü olan ölkələr, müstəqil siyasət apara bilərlər” dedi. Zaman göstərdi ki, ildən-ilə onun sayəsində güclənən iqtisadiyyat, hərbi quruculuq işləri aparılmasaydı, sonradan cəmi 44 günlük müharibə və onun nəticəsi qalibiyyət olmazdı.
Bu gün Azərbaycan öz inkişafının qızıl dövrünü yaşayır. Sürətlə hər bir nöqtədə, abadlıq-quruculuq, tikinti işləri gedir. Həyat sanki qaynayır. Xüsusən də, işğaldan azad olunmuş torpaqlar əvvəlkindən də gözəl, abad və müasir görkəm alır. Ölkənin dayanıqlı inkişafı nəticəsində, xarici dövlətlərin Azərbaycana marağı artır və onlar da öz növbəsində bu ölkəyə investisiya qoyurlar.
44 günlük müharibə ilahi ədalət olaraq, Prezidentin uzaqgörənliyi sayəsində, həmçinin tarixi ədalətə də çevrildi.
2018-ci ildə Azərbaycan xalqı İlham Heydər oğlu Əliyevə, növbəti dəfə səs verməklə, əslində Azərbaycanın yarımçıq qalmış arzularının həyata keçməyinə imza atdı. Bu arzular artıq, həyata keçmiş və bizləri yeni arzu dolu hədəflərə səsləyir.