Bu birlik Türk dünyasına milli qürur bəxş edib
Fərqanə Babayeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 97 nömrəli tam orta məktəbin müəllimi
Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin dünyaya örnək olması beynəlxalq aləmdə də etiraf olunur. Artıq dünya birliyinə də bəllidir ki, Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz münasibətlər bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri göz önündədir. Həm ikitərəfli formatda, həm regional müstəvidə iki ölkənin qardaşlığı və birgə fəaliyyəti önəmli bir amilə çevrilib. Tarixi faktlar da təsdiqləyir ki, Azərbaycanla Türkiyə arasında əlaqələr qədim tarixə malikdir. Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, Türkiyə ilə Azərbaycan “bir millət, iki dövlət”dir. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir miras qoymuşlar: Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.
Bu birlik Türk dünyasına milli qürur bəxş edib. Son illər Cənubi Qafqazda yaranmış yeni reallıqlar, eyni zamanda, Azərbaycan-Türkiyə münasibətlərini də yeni müstəviyə - Şuşa bəyannaməsi ilə rəsmiləşdirilən strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Türkiyə Prezidentinin 15 ildən sonra yenidən Naxçıvana səfəri həm Ermənistana, həm də, onun havadarlarına ciddi mesaj oldu. Əslində, Naxçıvandan verilən sülh mesajı Ermənistana bir çağırış idi. Bu çağırış, həm də Türk dünyasının liderlərinin humanistliyinin dünyaya nümayişi idi.
Türkiyə-Azərbaycan birliyi əbədi və sarsılmazdır. Türkiyə hər zaman ən həssas məqamlarda dövlət rəhbəri səviyyəsində Azərbaycanın yanında olub. Torpaqlarımız işğaldan azad edildikdən sonra qardaş ölkə Prezidenti Şuşaya ilk səfər edən dövlət rəhbəri olmuşdu. Bu gün də Azərbaycanın uğurlu antiterror tədbirlərindən sonra ölkəmizə səfər edən ilk dövlət rəhbəri oldu.
Yaxın vaxtlarda BMT tribunasından Azərbaycana dəstək verdikdən dərhal sonra Naxçıvan səfərinin gerçəkləşdirməsi böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev də öz çıxışında bunu xüsusi vurğuladı. Dövlətimizin başçısı dedi ki, beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyünü tam bərpa etmişdiksə, 5 gün əvvəl biz suverenliyimizi tam bərpa etdik.
Naxçıvanın yeni layihəyə qoşulması muxtar respublikanın gələcək iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. İğdır-Naxçıvan magistral qaz kəmərinin çəkilməsi kimi iri iqtisadi layihənin həyata keçirilməsi regionun gələcək inkişafında mühüm rol oynayacaq. Hər iki ölkə liderlərinin iştirakı ilə Naxçıvan bərpa-istehsalat hərbi kompleksinin istifadəyə verilməsi isə xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə qardaş ölkələr arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişafı yeni işlərə imza atmağa imkan verəcək. Bununla yanaşı, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün artıq son hazırlıq işlərinin görülməsi, kommunikasiyaların açılması yönündə bəyanatların səslənməsi də Ermənistana ciddi mesaj oldu. Qardaş ölkə Prezidenti dedi ki, Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik.
Türkiyə Prezidentinin Naxçıvana səfəri mühüm əhəmiyyətli layihələrin əsasının qoyulmasından çox, Cənubi Qafqazda tarixi ədalətin bərpa ediləcəyi bir görüş kimi tarixə düşdü. Bununla yanaşı, Türkiyə-Azərbaycan liderlərinin Naxçıvan görüşü Türk dünyasına milli qürur və birlik hissi bəxş etdi.