Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır

Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır

Gülnar  Məhərrəmova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı 

Azərbaycan bir çox sahələri əhatə edən və strateji tərəfdaşlığa çevrilmiş İtaliya ilə tarixi və mükəmməl ikitərəfli əlaqələrə malikdir. İki ölkə arasında siyasi dialoqun yüksək keyfiyyəti zəngin iqtisadi və ticari əməkdaşlıq əlaqələri ilə möhkəmlənmişdir. İtaliya və Azərbaycan enerji təhlükəsizliyi və iqtisadi-ticari əlaqələr baxımından iki strateji tərəfdaşdır.

Prezident İlham Əliyevin sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər“ mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “ Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu “ adlı sessiyadakı çıxışında qeyd etdiyi kimi  İtaliya ilə bizim ticarət əməkdaşlığımız olduqca fəaldır.

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il  bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olmuşdur. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir.

Məlumdur ki, bu gün  dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Zəngin enerji qaynaqlarına sahib olan ölkələr həm iqtisadiyyat, həm də geosiyasi baxımdan əsas mövqelərdədir.          

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verən ölkələrdəndir və bu da Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində formalaşmasında rolunun artmasından xəbər verir. Enerji təhlükəsizliyini müəyyən bir ölkənin və ya bütövlükdə dünya birliyinin kifayət qədər enerji təchizatı ilə təmin edilməsi kimi müəyyənləşdirə bilərik.

“Əsrin müqaviləsi“ Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan vermiş, əsas dünya ölkələri ilə ilk növbədə böyük dövlətlərlə dostluq, strateji   əməkdaşlıq münasibətlərinin yaranmasına, inkişafına müsbət zəmin yaratmışdır.

Çıxışının davamında ölkə prezidenti bildirmişdi ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır  və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır.