Eldar Mirzəliyev
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin üzvü, Hüquq Məsələləri Daimi Komissiyasının sədri
44 gün ərzində Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir yumruq tək birləşdi, bütün gücünü səfərbər etdi. Şəhidlər versək də, geri çəkilmədi, düşməni qova-qova döyüş meydanından çıxardı. Müzəffər Ordumuzun təzyiqlərinə dözə bilməyən Ermənistan məcbur olub kapitulyasiya aktını imzaladı və məğlubiyyətini qəbul etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr–Anım Gününə həsr olunmuş xatirə lövhəsinin açılışı zamanı söyləmişdi: “Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.”
Bəli, biz o nəsilik ki, həm şahidliyimiz, həm də şəhidliyimiz ilə fəxr edirik. Biz o nəsilik ki, 30 il ərzində dünyanın bərpa edə bilmədiyi ədaləti bərpa etdik. Mənfur düşməni məhv edərək torpaqlarımızı işğaldan azad etdik. Biz bir daha xalq olaraq var oluşumuzu, birliyimizi sübut etdik. Heç bir kənar qüvvə birliyimizi və inamımızı poza bilmədi.
Artıq xeyli vaxtdır ki, Azərbaycanın işğaldan azad olunmuş şəhər və kəndlərində tikinti-quruculuq işləri tam gücü ilə davam edir. Qarabağ və Şərqi Zəngəzur bölgəsində böyük layihələr həyata keçirilir. Biz erməni vandalizminə məruz qalmış Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi yenidən bərpa edirik. Artıq “Böyük qayıdış”a da start verilib. Tezliklə bütün soydaşlarımız öz el – obalarına qayıdacaqlar.
Revanşist düşmən qüvvələri bilməlidir ki, onların tək yolu sülh müqaviləsidir. Əgər növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə hər hansı bir təhdid olarsa, ordumuz özünün əzəli torpaqlarına-İrəvana qədər gələ bilmək iqtidarındadır. Buna zəmanət isə Azərbaycanın Ali Baş Komandanı, onun ətrafında yumruq tək birləşən Azərbaycan xalqı və günü–gündən artan hərbi gücümüz və nüfuzumuzdur!