Biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini Ağkilsə kəndində bərpa edəcəyik

Biz  Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini Ağkilsə kəndində bərpa edəcəyik

Havvaxanım Məmmədhüseynova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı Rayonu 267 saylı körpələr evi - uşaq bağçası müdiri

Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev  sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında  iştirak ediblər.

Qeyd edək ki, Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O, çoxəsirlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhu ilə həmahəng əsərləri ilə  Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib.

Demək olar ki, aşıq yaradıcılığının  bütün  sahələrinə müraciət  edib və Azərbaycan ədəbiyyatında  böyük iz buraxıb.Aşıq Ələsgər 1926-cı il martın 7-də doğulduğu  kənddə vəfat edib, Ağkilsə qəbiristanlığında dəfn olunub.

Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında bildirib: “Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü  səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz  Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış  abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna  oxşar  mərasimi keçirəcəyik.”