Birinci Qarabag müharibəsinin şəhidi Fəxrəddin Məmmədovun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə bulaq kompleksinin açılışı olmuşdur
6 iyun 2024-cü il tarixdə Hövsan qəsəbəsində Birinci Qarabag müharibəsinin şəhidi Məmmədov Fəxrəddin Gülməmməd oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə bulaq kompleksinin açılışı olmuşdur. Açılış mərasimində YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, Şəhid Aillələrinin Müdafiə Cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, şəhidin ailə üzvləri, yaxınları, 270 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər şəhidin döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıq, igidlik və şücaətdən söhbət açıblar. Şəhidə bir zamanlar dərs demiş müəllimləri onun hələ uşaq vaxtlarından vətənpərvər ruhda böyüməsindən danışıblar. Sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.