BİRGƏ YAŞAMAĞIN DÜSTURU

BİRGƏ YAŞAMAĞIN DÜSTURU
Güllü Yoloğlu
Tarix elmləri doktoru
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Sentyabrın 20-də Azərbaycan xalqı, eləcə də bütün dünya ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətini gözləyirdi. Gözlənilən an gəlib çatdı. Bildiyimiz kimi, sentyabrın 19-da günorta saatlarında Qarabağda lokal antiterror tədbirləri başlamışdır. Buna səbəb, əslində isə son damla həmin gün səhər saatlarında dördü polis əməkdaşı, ikisi yol təsərrüfatı işçisi olmaqla mina partlayışında 6 nəfərin həlak olması idi. Azərbaycan Qarabağda, rus sülhməramlılarının məsuliyyət zonasında "antiterror əməliyyatı"na başladığını, separatçıların 20 sentyabr günorta saatlarında silahı təhvil verməyə razılaşmasından sonra əməliyyatı dayandırdığını bəyan etdi.
Qarabağdakı əməliyyata görə, rəsmi Yerevan Bakını ittiham etsə də, Ermənisanın Azərbaycanla hərbi qarşıdurmaya getməyəcəyini bildirdi. Bakı sentyabrın 21-də Yevlaxda müdafiəsiz qalan Qarabağın etnik ermənilərinin nümayəndələri ilə görüş keçirdi. Dünyaya “acından ölürük” deyən Qarabağ erməniləri təxminən iyirmi gün idi ki, Azərbaycanın göndərdiyi 40 tonluq un yardımı aparan TIR-larının Xankəndinə girməsinə icazəsi verməmişdilər... Nəticə isə göz qabağındadır...
Tarix boyu özlərinin mifik xəyallarını gerçəkləşdirmək istəyən ermənilər bölgədə maraqları olan böyük dövlətlərin əllərində oyuncağa çevriliblər. Hər iki tərəf öz maraqlarını həyata keçirmək üçün bir-birindən istifadə etsə də, sonda uduzan, aldanan, tərk edilən tərəf ermənilər olmuşdur. Tarixdə bu, dəfələrlə təkrar olunsa da,ermənilər növbəti dəfə küyə düşür, inanır və sonda yenə də tək qalılar. Sülh müqaviləsinin bir addımlığından dönən Ermənistanın Fransa və digər dövlətlərin yalançı vədlərinə inanaraq yenidən məsələni qəlizləşdirməsi vaxt itkisindən başqa bir şey deyildi.
Məlumdur ki, İranla Rusiya 1735-ci ildəGəncədə bağlanmış “əbədi dostluq” müqaviləsinə əsasən bölgənin təbii sərvətlərindən birgə istifadə etmək məsələsində razılığa gəlmişdilər. Sonrakı hadisələr, özəlliklə də müstəqillik illərində ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın öz sərvətlərindən müstəqil istifadə etmək istəyi həm İran, həm də Rusiya tərəfindən kəskin etirazla qarşılandı. Lakin böyük liderin qətiyyəti və inadkarlığı sayəsində bu gün Azərbaycan nəinki bölgədə, eyni zamanda dünya çapında enerji sahəsində söz sahibidir. Qabaqdakı soyuq qışı, Rusiya-Ukrayna müharibəsinin hələ də davam etməsini nəzərə alsaq, təbii ki, əksər ölkələr Azərbaycanla münasibətlərin kəskinləşməsini istəmirlər. İran hər nə qədər Ermənistanın yanında olduğunu söyləsə də, konkret addımlar atsa da, sərhədlərində Fransa və ADŞ-ı görmək istəmir. Bu vəziyyətdən heç Rusiya da xoşhal olmadığı üçün Ermənistan istədiyi dəstəyi ala bilmədi. ABD və Türkiyə NATO ölkəsi olduqlarına görə bölgədə onların qarşı-qarşıya gəlməsi mümkün deyildi.
Fransanın Afrikada zəifləyən mövqeləri fonunda Paris ölkədən uzaqda sonu məlum olmayan müharibəyə girməzdi, həm də ermənilərə görə (əslində isə iqtisadi maraqları var). Bu mənzərəni son anda dərk edən Ermənistanın mövqeyi qarşılıqlı anlaşmanın mümkün olduğuna ümidi artırır. “Ermənistan bu dövr ərzində - dünən, bu gün deyə bilərəm ki, gözlənilmədən siyasi səriştə göstərib və biz bunu qiymətləndiririk” deyən Azərbaycan Respublikasının Prezidenti bunun Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcəyini və digər məsələləri özünün xalqa müraciətində vurğuladı.
Ölkə başçısı onu da qeyd etdi etmənilər dəfələrlə terror aktı törətməklə, ərazilərimizdə minaların basdırılması ilə hətta 44 günlük müharibədən sonra da məşğul olublar. Belə ki, “bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Yəni, bu, bir daha onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir”.
Qeyd etdiyimiz kimi, bu, artıq son damla idi. “Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir”. Məhz bu cavabın nəticəsində “Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordusunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradançıxarılmışdır”.
Azərbaycan Prezidentiölkəmizdə yaşayan və vətəndaşımız olan insanların – etnik ermənilərin qorunması üçün də müvafiq götərişlər vermişdir. Beləliklə, bölgədə yeni reallıqların meydana gəlməsi mümkündür. “Kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi tarixə qovuşacaq, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibən və antiterror əməliyyatından sonra birgə rahat yaşamağın düsturunu verdi: “Onların bütün hüquqları təmin ediləcək - təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları. Yəni, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir”. Daha sonra ölkə Prezidenti vurğuladı ki, əslində yaranmış vəziyyət Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi şansdır. Bölgənin etnik ermənilərinə verdiyi təklifi dəyərləndirərkən qeyd etdi ki, bu təklif “məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir”.
Azərbaycan Prezidenti ölkəmizin daxili işlərinə qarışanlara da təklif verdi və sonda təklifi tələbə çevirərək dedi: “Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik”.
Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev bir daha dünyaya sübut etdi ki, öz ərazisində yaranan istənilən problemi müstəqil həll edə bilər və kənar qüvvələrin müdaxiləsinə ehtiyacı yoxdur. Bütün bunlardan Qarabağın etnik erməniləri də dərs almalıdırlar...