İndiyədək 147-dən çox ikitərəfli sənədin imzalanması bu əməkdaşlığın dərinliyini və ardıcıllığını nümayiş etdirir

Gülşən Cəfərova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələr əsrlərə dayanan ortaq tarix, mədəniyyət və dini dəyərlər zəminində formalaşmışdır. Bu yaxın qonşuluq münasibətləri iki ölkə arasında dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanan diplomatik münasibətlərin 1992-ci ildə qurulması ilə daha da güclənmişdir. İran Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmuş, bu da ikitərəfli əlaqələrin möhkəm təməl üzərində inkişaf etməsinə şərait yaratmışdır.
Bu gün Azərbaycan və İran arasında münasibətlər bir çox sahəni – ticarət-iqtisadiyyat, nəqliyyat, enerji, kənd təsərrüfatı, humanitar əməkdaşlıq və media sahələrini əhatə edir. İndiyədək 147-dən çox ikitərəfli sənədin imzalanması bu əməkdaşlığın dərinliyini və ardıcıllığını nümayiş etdirir.
Son dövrlərdə imzalanmış sənədlər, o cümlədən 2025–2027-ci illər üçün siyasi məsləhətləşmələr proqramı, media və mədəniyyət sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumları münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.
Dövlət başçılarının qarşılıqlı səfərləri və beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun bariz nümunəsidir. Xüsusilə, 28 aprel 2025-ci il tarixində İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri zamanı əldə olunan razılaşmalar gələcək əməkdaşlığın konturlarını müəyyənləşdirmişdir.
Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində – İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və İqtisadi Əməkdaşlıq Təşkilatı daxilində – bir-birini daim dəstəkləyir. Bu əməkdaşlıq həm regional təhlükəsizliyin möhkəmləndirilməsinə, həm də iqtisadi əlaqələrin daha da genişlənməsinə xidmət edir.
Tarixi, mədəni və dini yaxınlıqlar, eyni zamanda güclü siyasi iradə Azərbaycan-İran münasibətlərinin möhkəm dayaqlarını təşkil edir. Bu gün bu əlaqələr qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edir və bölgənin sabitliyi ilə rifahına töhfə verir.