Bir həkim kimi hesab edirəm ki, kənd təsərrüfatının inkişafı xalq sağlamlığı ilə birbaşa bağlıdır
Arzu Hacı-zadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 1 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkiminin müavini
Müasir dövrdə dünyada baş verən qlobal iqtisadi dəyişikliklər, ərzaq təhlükəsizliyi ilə bağlı yaranan yeni çağırışlar və iqlim faktorlarının təsiri kənd təsərrüfatı sahəsinin strateji əhəmiyyətini daha da artırmışdır. Azərbaycan Respublikasında da kənd təsərrüfatı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş, bu sahənin inkişafı üçün genişmiqyaslı proqramlar və layihələr həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı ilin may ayında kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, kənd təsərrüfatının inkişafı həm iqtisadi, həm sosial, həm də milli təhlükəsizlik məsələsidir.
Bir həkim kimi hesab edirəm ki, kənd təsərrüfatının inkişafı xalq sağlamlığı ilə birbaşa bağlıdır. Sağlam cəmiyyətin formalaşması üçün ilk növbədə keyfiyyətli və təhlükəsiz ərzaq təminatı vacibdir. Dövlətimizin kənd təsərrüfatına göstərdiyi diqqət nəticəsində son illərdə həm məhsuldarlıq artmış, həm də regionların sosial-iqtisadi inkişafı sürətlənmişdir. Regionlarda həyata keçirilən infrastruktur layihələri, yeni suvarma sistemləri, yolların çəkilməsi və məşğulluğun artırılması kənd yerlərində həyat səviyyəsinin yüksəlməsinə mühüm təsir göstərmişdir.
Müşavirədə xüsusi vurğulanan məsələlərdən biri qazlaşdırma və meliorasiya layihələri idi. Bu gün azad edilmiş torpaqlar istisna olmaqla ölkə üzrə qazlaşmanın 96 faizə çatdırılması regionların inkişafı baxımından mühüm göstəricidir. Eyni zamanda Şirvan kanalının və Qarabağ kanalının yenidən qurulması kənd təsərrüfatında su təminatının gücləndirilməsinə xidmət edir. Suvarma imkanlarının genişlənməsi məhsuldarlığın artırılması ilə yanaşı, kənd əhalisinin rifahına da müsbət təsir göstərir.
Azərbaycan dövləti kənd təsərrüfatının inkişafını yalnız ənənəvi sahələrlə məhdudlaşdırmır. Balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının təsdiqlənməsi bu sahəyə yeni yanaşmanın göstəricisidir. Bu proqram həm daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə, həm də ixrac potensialının artırılmasına imkan yaradacaqdır. Dövlət tərəfindən verilən subsidiyalar, güzəştli kreditlər və fermerlərə göstərilən dəstək kənd təsərrüfatında dayanıqlı inkişafın əsas təminatlarından biridir.
Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi “kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlamalıdır” fikri xüsusi diqqət çəkir. Bu yanaşma kəndlərin təkcə istehsal məkanı yox, həm də rahat və müasir yaşayış məkanına çevrilməsini hədəfləyir.
Son illər regionlarda tikilən məktəblər, xəstəxanalar, sosial obyektlər və yaradılan yeni iş yerləri bu siyasətin uğurla həyata keçirildiyini sübut edir. Bir həkim olaraq bölgələrdə səhiyyə infrastrukturunun yaxşılaşdırılmasının da insanların həyat keyfiyyətinə mühüm töhfə verdiyini xüsusi qeyd etmək istərdim. Dünyada baş verən mənfi iqtisadi proseslər kənd təsərrüfatı istehsalına təsirsiz ötüşmür. Lakin Azərbaycan dövləti vaxtında qəbul edilən qərarlar və düşünülmüş proqramlar vasitəsilə bu təsirləri minimuma endirməyə nail olmuşdur. Məhsuldarlığın artması, pambıqçılıq və digər strateji sahələrin inkişafı, investorların kənd təsərrüfatına marağının artırılması ölkəmizin iqtisadi gücünü daha da möhkəmləndirir.
Bu gün Azərbaycan kənd təsərrüfatı sahəsində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kənd təsərrüfatı ölkənin qeyri-neft sektorunun aparıcı istiqamətlərindən birinə çevrilmişdir. Bu siyasətin əsas məqsədi iqtisadi inkişaf, vətəndaşların rifahının yüksəldilməsi, sağlam həyat tərzinin təşviqi və milli maraqların qorunmasıdır.
Əminliklə deyə bilərik ki, həyata keçirilən bütün layihələr və qəbul olunan dövlət proqramları Azərbaycanın gələcək inkişafına xidmət edir. Kənd təsərrüfatının gücləndirilməsi həm ərzaq təhlükəsizliyinin təminatı, həm regionların inkişafı, həm də xalqın sosial rifahı baxımından strateji əhəmiyyət daşıyır. Dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğı ölkəmizin daha güclü, daha dayanıqlı və daha firavan gələcəyinin əsas təminatlarından biridir.