“ Beynəlxalq Novruz Günü” elan olunması böyük tarixi hadisədir

“ Beynəlxalq Novruz Günü” elan olunması böyük tarixi hadisədir

Səadət Məmmədova

YAP Suraxanı rayon təşkilatının ƏPT – nin sədri

Novruz gəlir, yaz gəlir! Bu ifadə zəngin və qədim bir mədəniyyətin xalq dilində təzahürüdür. El bayramının dərin fəlsəfi kökləri onu yaradan və yaşadan xalqın tarixi təfəkkürünə işıq tutmaqla yanaşı dünya mədəniyyətinə verdiyi töhvələri də təkrar-təkrar xatırladır. Kainatın yaranmasında dörd ünsür faktoruna diqqət çəkən şərq fəlsəfəsinin izləri Novruz bayramının mərhələlərində özünü aydın şəkildə biruzə verir. Həyat mənbəyi olan su, havanı simvolizə edən yel, günəş istiliyinin yer üzündəki rəmzi bilinən od və nəhayət yaradılışın əsası hesab edilən torpaq çərşənbələrinin hər biri özünəməxsus ritualları ilə xalqımızın dəyərlərinin hansı hikmətə söykəndiyindən xəbər verir. Novruz ənənələrinin əsrlərin süzgəcindən keçərək günümüzə qədər gəlib çatması da, onun geniş ərazilərə yayılmaqla böyük arealları əhatə etməsi də bu bayramın nə qədər maraqlı və sevimli olmasının göstəricisidir. Qədim folklorumuzda çətin günlərin “qara qış”, xoş zamanların “əlvan bahar” kimi səciyyələndirilməsi qış fəslinin bitməsinin və daha əlverişli havaların  müjdəçisi olan Novruzun yetişməsinin xalq üçün önəmini özündə ehtiva edir. Yeni əkin dövrünün başlamasına işarə edən səməni cücərtmək, günəşin simvolu kimi qoğal, ayın rəmzi olaraq şəkərbura və sair şirniyyatlar hazırlamaq, paklığa işarə edən təmizlik işləri aparmaq, şənliyin göstəricisi olaraq yumurta boyamaq və başqa adətlər bayram günlərini xarakterizə edən maraqlı cəhətlərdəndir. Təkcə qədim Azərbaycan folklorunda deyil sonrakı dövrlərin mədəni nümunələrində də Novruz bayramına aid istiqamətlər mövcuddur.  İncəsənətimizdə iz salmış dəyərli bəstəkarlar, şairlər, rəssamlar, film rejissorları mütəmadi olaraq bu gözəl bayramı tərənnüm edən əsərlər yaratmışlar. 23 fevral 2010-cu ildə BMT Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-nin “ Beynəlxalq Novruz Günü” elan olunması tarixi islamdan da əvvələ dayanan bu bayramın dünya mədəni irsi üçün dəyər kəsb etdiyinin ifadəsidir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına da daxil edilmişdir.

Bir əhəmiyyətli cəhəti də xalqın birliyinin təşkili hesab olunan Novruz bayramı milli ruhun bir amal ətrafında mərkəzləşməsinin sütunlarındandır. Birlik güclü olmağın əsasıdır. Bunu hər zaman göz önündə tutan müdrik xalqımız tariximizin həlledici dövrlərində vahid mövqedən çıxış etmiş və məhz ona görə də maneələri aşaraq varlığını qorumağı bacarmışdır. Yaxın tariximizin şanlı səhifələrindən olan 44 günlük Vətən Müharibəsi kimliyimizi dünyaya tanıtmaqla bərabər həm də bizi bizə xatırlatdı. Bir yumruğa dönüb düşmənin başına enməyi bacardığımızı hər birimizin yadına saldı. Elə ona görə də hələ 1998-ci ildə xalqı Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi “ Gün o gün olacaq ki, Novruz bayramını Şuşada qeyd edəcəyik!”  fikri bu gün şirin bir xəyal deyil, xoşbəxt reallıqdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımıza zəfər sevincini yaşadan Azərbaycan ordusu qüdrətini dosta-düşmənə nümayiş etdirməklə dövlətimizin gücünün simvoluna çevrildi. Xalqın birliyi böyük şücaətlərin təməli oldu. İndi Novruzumuzu alınaçıq və yüksək əhvalla qeyd etməyin zamanıdır. Böyük xalqın qədim və zəngin Novruz bayramı mübarək olsun!

Gözün aydın, Azərbaycan torpağı!

Düşmənin olubdur zəmin ilə tən

Elimin dilində zəfər sorağı,

Şuşa ilin mübarək olsun, Vətən!