“Bayrağım qürurumdur” adlı təntənəli vətənpərvərlik tədbiri keçirilib

“Bayrağım qürurumdur” adlı təntənəli vətənpərvərlik tədbiri keçirilib

5 noyabr 2026-cı il tarixdə Suraxanı rayonundakı 232 nömrəli tam orta ümumtəhsil məktəbində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə “Bayrağım qürurumdur” adlı təntənəli vətənpərvərlik tədbiri keçirilib. Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqvediyev, məktəbin direktoru Günel Fətəliyeva və müəllim-şagird kollektivi iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Günel Fətəliyeva vurğulamışdır ki, bayraq sadəcə parçadan ibarət rəmz deyil. O, bir xalqın tarixi yolunun, azadlıq amalının və gələcəyə inamının ən ali ifadəsidir. Şanlı tariximizin mirası, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Cümhuriyyət hökumətinin qərarı ilə qəbul edilmişdir. Lakin sovet rejimi illərində bu müqəddəs atributumuz qadağan olunmuşdu. Tarixi ədalətin bərpa olunmasında və milli bayrağımızın yenidən xalqa qovuşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqvediyev çıxışında tarixi məqamlara toxunaraq vurğulayıb ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndərin sədrliyi ilə keçirilən sessiyasında, hələ Sovet hakimiyyətinin mövcud olduğu bir dövrdə üçrəngli bayrağımız Naxçıvanda qaldırıldı və muxtariyyətin rəsmi atributu kimi təsdiq olundu. Bu tarixi adım respublika miqyasında da milli dövlətçilik hərəkatına güclü təkan verdi və nəticədə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək onu yenidən müstəqil dövlətin rəsmi bayrağı elan etdi.

Tədbirin bədii hissəsində məktəblilərin ifasında bayrağa sevgi mövzusunda hazırlanan rəngarəng kompozisiyalar, şeirlər və rəqslər nümayiş etdirilib.

 

Paylaş