265 saylı körpələr evi-uşaq bağçasında 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib  

265 saylı körpələr evi-uşaq bağçasında 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib   

5 noyabr 2026-cı il tarixdə Suraxanı rayonundakı 265 saylı körpələr evi-uşaq bağçasında 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil olunub.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Suraxanı rayon komitəsinin nümayəndəsi Elşad Çobanlı, 265, 276 və 280 saylı körpələr evi-uşaq bağçalarının müdirləri Rəvanə Abdullayeva, Mehriban Rəsulova, Samirə Orucova və müəssisələrin əməkdaşları iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan 265 saylı körpələr evi-uşaq bağçasının müdiri Rəvanə Abdullayeva rəhbərlik etdiyi kollektiv adından qonaqları salamlayıb və Zəfər Gününün tarixi əhəmiyyətindən danışıb. O qeyd edib ki, 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının tarixi ədaləti bərpa etdiyi şanlı səhifədir.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova isə çıxışında vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük qətiyyəti, rəşadətli ordumuzun və şəhidlərimizin qəhrəmanlığı sayəsində qazanılan bu şanlı qələbə Azərbaycan xalqının birlik və həmrəyliyinin ən uca təzahürüdür.

Digər natiqlər öz çıxışlarında müasir hərb tarixinə XXI əsrin yeni nəsil müharibəsi kimi düşən 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin yüksək peşəkarlığını, texnoloji üstünlüyünü və sarsılmaz döyüş ruhunu önə çəkiblər. Bildirilib ki, güclü və yenilməz ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub və bu amil döyüş meydanında öz sözünü deyib.

Tədbirin bədii hissəsində körpə fidanların ifasında vətənpərvərlik mövzusunda hazırlanan rəngarəng kompozisiyalar, şeirlər və rəqslər nümayiş etdirilib.

 

Paylaş