Aliyə Orucova
YAP Pirallahı rayon təşkilatı məsul əməkdaşı
Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransı bütün dünyanın diqqət mərkəzində olan hadisələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfransda iştirak etməsi isə tədbirin əhəmiyyətini bir daha artırırdı. “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılmışdılar.
Qeyd edək ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan bu beynəlxalq qurumun sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən ayrı-seçkiliyə qarşı mübarizə aparır və bunu daim davam etdirəcəyini bildirir. Prezident İlham Əliyev Bakı konfransında bir daha diqqəti tarixə qovuşan Qarabağ münaqişəsinə yanaşmada dünyanın ikili standartlara əsaslanan siyasətinə yönəldərək Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün göstərdiyi səylərdən geniş bəhs etdi. Bununla da Azərbaycanın dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri olduğu diqqətə çatdırıldı. Qeyd olundu ki, ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələnmişdi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Dünya bu reallıqlara göz yumaraq etimadsızlıq mühitinin formalaşmasına gətirib çıxarmışdı. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoydu, ədaləti bərpa etdi.
Bakı konfransı Azərbaycanın Qoşulmama Hərkatında mövqeyinin möhkəmlənməsinə də işıq saldı. Belə ki, dövlət başçısı İlham Əliyev diqqəti ölkəmizin quruma sədrlik müddətinin bir il uzadılmasına yönəldərək bildirdi ki, 44 günlük İkinci Qarabağ müharibəsində Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin şahidi olduq. Belə ki, bəzi ölkələr Azərbaycana qarşı qarayaxma, böhtan və şantaj kampaniyasına başlayaraq, haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdiyi vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan ölkələr anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.
Bu hadisə bir daha göstərdi ki, səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli, vahid mövqedən çıxış etməliyik. Qoşulmama Hərəkatı ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlib.
Dünyanın 120 dövləti, yəni, planetin təqribən üçdə iki hissəsi Azərbaycanın ədalətli mövqeyinə öz dəstəyini ifadə edib. Azərbaycanın 2019-2022-ci illərdə Hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki rolunu və nüfuzunu daha da artıracaq, beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirəcək, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək, qeyri-neft sektorunun və ixrac potensialımızın yüksəlişinə geniş imkanlar açacaq. Şübhəsiz, əldə olunan bütün müsbət nəticələrin əsasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ 2011-ci ildə ölkəmizin Qoşulmama Hərəkatına üzvlüyü ilə bağlı qəbul etdiyi strateji qərar dayanır.
Müasir dünya siyasətində ölkəmizin ədalətli və sülhpərvər mövqe tutması dövlətimizin nüfuzuna xüsusilə müsbət təsir göstərir. Bu baxımdan Qoşulmama Hərəkatı ölkəmizin xarici siyasətində mühüm mövqe tutur. Qeyd edək ki, Prezident gələn ay Bakıda keçiriləcək növbəti bir tədbirin–gənclər şəbəkəsinin anonsunu verdi. Azərbaycan Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulmasına baxmayaraq və fəaliyyəti ilə Azərbaycan bu qurumda ilk günlərdən həmrəylik, qarşılıqlı dəstək təşəbbüsləri ilə çıxış edib və Bandunq prinsiplərinin təşviqinə töhfəsini verməyə çalışıb. Ümumiyyətlə işğal və postmünaqişə dövrünün reallıqlarını nəzərə alaraq əminliklə deyə bilərik ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma rolunu oynuyur və bu yolda ölkəmizin ortaya qoyduğu səylər, digər dövlətlərə verdiyi dəstək bütün dünyanın diqqət mərkəzindədir.