Azərbaycan–Ukrayna münasibətləri yüksək səviyyəli və çoxşaxəli əməkdaşlıq platformasına əsaslanır
Aynur Rzayeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin əməkdaşı
2026-cı il aprelin 25-də İlham Əliyev ilə Volodimir Zelenski arasında Bakıda keçirilmiş görüş ölkələrimiz arasındakı münasibətlərin miqyasını bir daha özündə əks etdirdi. Azərbaycan və Ukrayna arasında əməkdaşlığın möhkəm siyasi təməli mövcuddur. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlığa dair sənədlər bu münasibətlərin əsasını təşkil edir. Həmin sənədlərdə hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri öz əksini tapmışdır. Bu prinsipial mövqe Azərbaycan və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə qarşılıqlı dəstəyində aydın şəkildə özünü göstərir.
Prezident İlham Əliyevin bəyanatı Azərbaycan–Ukrayna münasibətlərinin yüksək səviyyədə olduğunu və çoxşaxəli əməkdaşlıq platformasına əsaslandığını göstərir. Müntəzəm siyasi dialoq, qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulan bu əlaqələr gələcəkdə daha da dərinləşəcəkdir. Aprelin 25-də baş tutmuş səfər isə bu prosesə yeni təkan verərək iki dost ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə kimi tarixə düşmüşdür.
Prezident İlham Əliyev çıxışında dövlət başçıları arasında görüşlərin müntəzəm xarakter daşıdığını vurğulayaraq son dörd il ərzində yeddi dəfə görüş keçirdiklərini qeyd etmişdir. Bu dinamika iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davamlı olduğunu göstərir. Prezident Zelenskinin Azərbaycana ilk səfərinin 2019-cu ildə baş tutduğunu xatırladan dövlət başçısı həmin dövrdən etibarən formalaşan şəxsi münasibətlərin bu gün də uğurla inkişaf etdiyini bildirmişdir. Eyni zamanda, 2022-ci ilin yanvarında Kiyevə etdiyi səfərin də əlaqələrin inkişafında mühüm rol oynadığı xüsusi qeyd olunmuşdur.
İki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri iqtisadi və enerji sahəsidir. Xüsusilə SOCAR-ın Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərməsi bu sahədə mövcud əməkdaşlığın real nəticələrindən biridir. Bununla yanaşı, yeni birgə layihələr, sərmayə qoyuluşları və təşəbbüslər də gündəmdədir. Ticarət dövriyyəsinin artıq yarım milyard dolları ötməsi və gələcəkdə daha da artırılması üçün geniş imkanların mövcudluğu qeyd edilmişdir.
Hərbi-texniki sahədə əməkdaşlıq da müzakirə olunan əsas istiqamətlərdən biri olmuşdur. Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksinin inkişafı birgə istehsal və sənaye əməkdaşlığı üçün geniş perspektivlər yaradır. Bu sahədə qarşılıqlı təcrübə mübadiləsi və yeni layihələrin həyata keçirilməsi iki ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edə bilər.
Cənab İlham Əliyev ilə Volodimir Zelenski arasında Bakıda keçirilmiş görüş və mətbuata verilən bəyanatlar Azərbaycan–Ukrayna münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini əhatə edən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bu səfər iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.