"Azərbaycanlıların soyqırımı haqqında" Fərman hadisəyə tam hüquqi-siyasi qiymət verdi

"Azərbaycanlıların soyqırımı haqqında" Fərman  hadisəyə tam hüquqi-siyasi qiymət verdi

Firuzə Aslanova

Suraxanı Tibb Mərkəzinin əməkdaşı

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra hökumət bu qanlı hadisələrin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratdı. Komissiya üzvləri minlərlə şahidi dindirmiş, yüzlərlə sənəd və maddi sübut toplamışdılar. 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan səviyyəsində ümummilli matəm günü kimi qeyd olundu. Bu, o dövr üçün soyqırıma verilən ilk hüquqi və siyasi qiymət idi.

Ermənilərin soyqırım siyasətinin əsas məqsədi Azərbaycan xalqını öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, regionun demoqrafik mənzərəsini dəyişmək və "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək idi. Lakin bu dəhşətli hadisələr xalqımızın iradəsini qıra bilmədi, əksinə, milli birlik və müstəqillik hissini daha da alovlandırdı.

Tarixi ədalətin bərpası üçün Azərbaycanın dövlət müstəqilliyini yenidən qazanması və Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı həlledici rol oynadı. 1998-ci il martın 26-da Heydər Əliyev tərəfindən imzalanmış "Azərbaycanlıların soyqırımı haqqında" Fərman soyqırıma tam hüquqi-siyasi qiymət verdi.

Fərmanla martın 31-i rəsmən "Azərbaycanlıların Soyqırımı Günü" elan edildi. Bu, müasir müstəqilliyimiz dövründə və Xalq Cümhuriyyətinin varisi kimi siyasi-hüquqi qiymətin verilməsi idi. Bu sənəd Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur. O, təkcə 1918-ci il hadisələrini deyil, həm də XIX əsrdən başlayaraq xalqımıza qarşı yürüdülən məqsədyönlü deportasiya, etnik təmizləmə və soyqırımı siyasətini konseptual şəkildə təhlil edirdi. Heydər Əliyevin bu addımı milli yaddaşımızın bərpası və gənc nəslin öz tarixini dərindən öyrənməsi üçün ideoloji bünövrə oldu.

Bu gün Azərbaycan artıq 1918-ci ildəki kimi köməksiz və zəif deyil. Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş, tarixi ədaləti hərbi-siyasi yolla təmin etmişdir. Son illərdə qazandığımız zəfərlər, o cümlədən 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri xalqımızın qan yaddaşında olan yaraların sağalması üçün mənəvi bir dayaqdır.