Azərbaycanın “yumşaq güc”ü doğru siyasi, iqtisadi və diplomatik manevrlər sayəsində formalaşa bilib
2021-ci Vətən müharibəsinin nəticələrinin tanıdılması ili kimi yaddaşlarda qaldı və bu sahədə kifayət qədər böyük işlər görüldü. 2022-ci il isə yaradılmış yeni reallıqların nəinki dünya ictimaiyyətinə tanıdılması ili olacaq, eyni zamanda dünya dövlətləri tərəfindən yaratdığımız yeni reallıqların qəbul edilməsi ili kimi tarixə düşəcək. Biz dünyada baş verən bütün yeniliklərə, müasir çağırışlara cavab verən bir cəmiyyət olaraq hər bir vəziyyətə hazırıq. Bu məqsədlə dünyada olan tərəfdaşlarımızın və dostlarımızın sayının artırılması və məqsədyönümlü əməkdaşlıq formatlarının həyata keçirilməsi istiqamətində ciddi işlər görülməkdədir.
Fevral ayının ilk həftəsində iki vacib beynəlxalq görüşü qeyd etmək olar ki, onlar Azərbaycanın dünyaya təsir imkanlarının açıq təzahürüdür. 29 may 2018-ci ildə rəsmi açılışı olan və 31 dekabr 2020-ci ildə isə qaz ixracına başlanan Cənub Qaz Dəhlizində demək olar ki, bütün işlər tamamlanmışdır. O zaman sual meydana çıxır. 4 fevral 2022-ci ildə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının nə kimi tarixi əhəmiyyəti vardır? Əlbəttə, ötən illər ərzində Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr - Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bir komanda olaraq effektiv çalışıb.
Hər il yeni nailiyyətlər əldə olunur. Ötən bir ildə Azərbaycan bütün Avropaya sübut etdi ki, hətta ölkədə Vətən müharibəsi getdiyi bir zamanda belə layihənin icrası dayanmadı və vaxtında qazın verilişi həyata keçirildi. Bu gün Azərbaycan qazına dünya bazarında, xüsusilə də “köhnə qitə”də böyük ehtiyac yaranmışdır. Azərbaycan digər dövlətlərlə müqayisədə bəlkə də meqa həcmdə qaz ixrac etmir, lakin stabil və partnyorlarına qarşı ədalətli yanaşmaları ilə iqtisadi üstünlüklərini siyasi təsir vasitəsi kimi istifadə etməyən ölkəmiz indiki halda Avropada dərin hörmət və mühüm yer qazana bilmişdir. Dünyada bəlkə də elə bir layihə yoxdur ki, bütün aparıcı maliyyə institutları onun reallaşmasında maraqlı olsun və iştirak eləsin. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı sözügedən dünya əhəmiyyətli layihənin icrasında böyük rol oynamışlar. Onun dəyəri 33 milyard ABŞ dollarıdır.
Heç kimə sirr deyil ki, Avropanın ən vacib qaz tədarükçüsü Rusiyadır. Lakin son vaxtlar baş verən hadisələr də onu deməyə əsas verir ki, Avropa üçün ən yaxşı alternativ Azərbaycanın Cənub Qaz Dəhlizidir. Çünki vaxtilə Azərbaycan öz vəsaiti hesabına bütün infrastrukturu tikib belə bir xətti çəkəndə çoxları buna inanmırdılar. Bu gün isə artıq bir il ərzində ölkəmiz Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Tələbat isə hər gün artır. Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Yalnız ən böyük yataq “Şahdəniz”də bir trilyon kubmetrdir. Yeni layihələr vardır ki, yaxın bir il ərzində onların reallaşdırılması nəticəsində yeni tələbatların qarşılanması elə də çətinlik yaratmayacaqdır. Eyni zamanda, Azərbaycanın ətrafında iri qaz istehsalçıları - İran, Türkmənistan, Qazaxıstan kimi ölkələr vardır ki, onlar da öz qazlarını məhz Azərbaycan vasitəsi ilə Avropa bazarlarına çıxarmaqda maraqlıdırlar.
Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir. Onun iqtisadi dividendləri hər kəsə bəllidir. Ölkəmiz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının müxtəlif formatlı görüşlərini ənənəvi keçirməklə ölkə qazının yaratdığı imkanlar sayəsində öz reallıqlarını dünyada qəbul etdirmək istiqamətində yeni platforma əldə etmişdir. Azərbaycanın “yumşaq güc”ü doğru siyasi, iqtisadi və diplomatik manevrlər sayəsində formalaşa bilmişdir. Sadə dildə desək, yazılmamış qanun kimi bizdən mavi yanacaq almaq arzusunda olan dostlarımız yalnız iqtisadi potensialları vasitəsi ilə deyil, siyasi yanaşmaları ilə də buna layiq olmalıdırlar. Bizdən isə indi Avropada mavi yanacaq almaq istəyənlərin sayı kifayət qədər çoxdur. Biz ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarını keçirməklə Qoşulmama Hərəkatından sonra ikinci bir dost məclisi yaratmış olduq. Qısası, bu toplantıların siyasi əhəmiyyəti iqtisadi dividendləri qədər böyükdür. Hesab edirəm ki, son toplantı zamanı cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən işlər haqqında məlumat verməsi və Avropa Şurası, Avropa İttifaqı və Avropalı şirkətlərin bərpa prosesində maraqlarına toxunması da təsadüfi deyil idi. Avropalı dostlarımız 90-cı illərin əvvələrində, hətta Fransanın qismində Vətən müharibəsi dövründə etdikləri səhvləri təkrarlamaq istəmirlər. Çünki Azərbaycan artıq uzun illərdir özünü etibarlı enerji mənbəyi kimi sübut edib. Ölkəmiz Avropaya indi həmişə olduğundan daha çox lazımdır.
Ötən ilin iyulunda Vətən müharibəsindən bir neçə ay sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Bakıya səfəri və dekabr ayında Brüsseldə müxtəlif formatlarda görüşlərin təşkili Azərbaycan ilə Avropa İttifaqı arasıda münasibətlərin inkişafının yeni mərhələsi hesab oluna bilər. Xüsusilə ATƏT-in Minsk qrupunun məyus bir şəkildə prosesləri təbii tərk etməsindən sonra Avropa İttifaqının proseslərə daxil olması başa düşüləndir. Lakin şərtlərimiz aydındır. Bunu yaranmış yeni reallığın diqtəsi də adlandırmaq olar. Dağlıq Qarabağ münaqişəsi yoxdur, o, öz həllini tapıb. Status məsələsi müzakirə olunmur. Siyasi-hərbi həll uğrunda deyil, humanitar məsələlərdə istənilən beynəlxalq qurumla əməkdaşlığa hazırıq. Minalanmış ərazilərin xəritələri hələ də varsa təqdim olunmalı, sərhədlərin müəyyələşməsi təmin olunub yekun sənəd – sülh müqaviləsi imzalanmalıdır. Avropa İttifaqı çox ciddi təşkilatdır və görünən odur ki, ATƏT-in Minsk qrupunun əksinə, qurum ölkəmizin “qırmızı xəttlər”inin fərqindədir.
4 fevralda eyni zamanda Fransa lideri Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyev, Aİ Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla videokonfrans formatında görüş keçirib. Maraqlı məqamlarla zəngin olan görüşdə Azərbaycan öz yaratdığı reallıqların belə demək mümkündürsə, diqtəsini etmiş və öz mövqeyindən geriyə addım atmamışdır. Fransa Prezidenti Makron Minsk qrupunun həmsədri kimi deyil, Fransanın Avropa İttifaqına sədrliyi qismində belə bir təşəbbüs göstərmişdir. İkincisi, yekun bəyanatda Dağlıq Qarabağ ifadəsinin istifadə edilməməsi və ümumiyyətlə status məsələsinin müzakirə olunmaması artıq müharibə reallıqlarının “köhnə qitə”də tam qəbul olunmasına işarədir.
Fevral ayında Avropa İttifaqı Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayırdı. Bu da böyük siyasi-iqtisadi hadisədir. Bu eyni zamanda ədalətin müəyyən mənada bərpasıdır. Cənab Prezidentin qətiyyəti və düzgün həyata keçirilmiş xarici siyasət bir daha özünün müsbət nəticəsini vermişdir. Bu da Azərbaycanın dünya birliyinə yaratdığı yeni reallıqları və müharibənin nəticələrini qəbul etdirməsi kimi də başa düşülməlidir. Avropa İttifaqı Ermənistanla müqayisədə Azərbaycanla əməkdaşlıq etməyi daha üstün tutur. Avropa İttifaqı üçün Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinin böyük əhəmiyyəti vardır və bu münasibətlərin daha da gücləndirilməsi arzu olunandır. Avropa İttifaqı Azərbaycanda həyata keçirilən bərpa və yenidənqurma prosesində fəal iştirak etməyə də hazırdır. Yəni, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri üçün müharibədən 30 il ərzində ən çox əziyyət çəkən Azərbaycana maliyyə ayrılması “köhnə qitə”nin eyni zamanda erməni vandalizmini və işğalını qəbul etməsi anlamına da gəlməkdədir.
Vüqar Seyidov
YAP Suraxanı rayon təşkilatının sədri