Azərbaycan Türk dünyası ilə əlaqələrin inkişafına önəm verir

Azərbaycan Türk dünyası ilə əlaqələrin inkişafına önəm verir

Nəsib İsmayılov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu,  Bülbülə Bələdiyyəsinin sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 may 2025-ci ildə Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edib . Prezident Əliyev Azərbaycanın Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrildiyini çıxış edərək bildirmişdir. İlham Əliyev cənabları ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki strateji mövqeyini qeyd edərək, Azərbaycanın bu sahədəki layihələrinin regional əməkdaşlığa töhfə verdiyini bildirib. Xüsusilə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin əhəmiyyəti vurğulanıb.
Prezident Ermənistanla sülh müqaviləsi danışıqlarına toxunaraq, Azərbaycanın sülh müqaviləsinin mətninin müəllifi olduğunu və bu mətnin Ermənistan tərəfindən qəbul edildiyini bildirib. İlham Əliyev Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu, lakin eyni zamanda ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaqda qətiyyətli olduğunu qeyd edib.
Çıxışında İlham Əliyev Türk Dövlətləri Təşkilatının Türk dünyasının birliyini gücləndirmək və iqtisadi əməkdaşlığı dərinləşdirmək baxımından əhəmiyyətini qeyd edib. O, təşkilatın iqtisadi, mədəni və siyasi əlaqələrin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və Azərbaycanın bu platformada fəal iştirakını davam etdirəcəyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti Azərbaycanın enerji sektorundakı nailiyyətlərinə də toxunub. Prezident bildirib ki, Azərbaycan dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə qabaqcıl yerlərdədir. O, xüsusilə Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni vurğulayıb.
Prezident İlham Əliyevin Budapeştdəki çıxışı Azərbaycanın beynəlxalq və regional siyasətdəki rolunu bir daha nümayiş etdirib. Xüsusilə TDT çərçivəsində Türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi, Azərbaycanın nəqliyyat və enerji sahəsindəki lider mövqeyi və sülh danışıqlarındakı konstruktiv mövqeyi çıxışın əsas vurğuları olub. Bu çıxış həm də Azərbaycanın Türk dünyası ilə əlaqələrin inkişafına verdiyi önəmi və Macarıstanla strateji tərəfdaşlığı gücləndirmək istəyini göstərib.