Azərbaycanın yaşıl enerji gündəliyinə doğru inamla irəliləyir
Ülkər Əsədli
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin müəllimi
Bu gün ölkəmiz yerləşdiyi əlverişli təbii coğrafi mövqeyi və iqlimindən yararlanaraq alternativ enerji mənbələrinə üstünlük verir, genişmiqyaslı işlər həyata keçirir və bu istiqamətdə nəzərəçarpacaq dərəcədə müsbət dinamika müşahidə olunur. Belə ki, istehsal olunan enerjidə bərpaolunan enerji mənbələrinin çəkisi artmaqdadır. Təbii ki, bunun bir sıra üstünlükləri var. İlk növbədə, ekoloji cəhətdən təmizdir, ətraf mühiti çirkləndirmir, tükənən deyil, hətta məhdud və kiçik ərazidə tətbiq imkanları mövcuddur. Məlumdur ki, həm günəş, həm də külək enerjisindən faydalanmaq üçün ölkəmizin potensialı böyükdür. Xüsusən Xəzərsahili ərazilərdə küləkli günlərin sayının çoxluğu, eləcə də ölkə ərazisinin günəşli olması bu sahənin inkişafına əlverişli şərait yaradır.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən enerji siyasəti, ölkə başçısının beynəlxalq səviyyəli təşəbbüsləri ilə ərsəyə gələn layihələrlə ölkəmiz Avropanın enerji xəritəsini dəyişməyi bacarıb.
Oktyabrın 26-da Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində Prezident İlham Əliyevin iştirakı onun bu sahənin inkişafına dəstəyinin göstəricisidir. Dünyanın böyük və nüfuzlu şirkətlərinin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin ölkəmizə olan marağı, bu cür layihələrə maliyyə yatırması, təbii ki, Azərbaycanda uzun illərdir mövcud olan siyasi sabitlik və yaradılmış əlverişli investisiya mühiti ilə bağlıdır. Günəş Elektrik Stansiyası, həmçinin ölkəmizdə təbii qaza olan tələbatı azaldacaq, bu da qaz ixracının artmasına, maliyyə imkanlarının yüksəlməsinə kömək edəcək. Həm də məşğulluq, ixtisaslı kadrların yetişməsi baxımından Qaradağ Günəş Elektrik Stansiyası əhəmiyyətlidir.
Xatırladaq ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Layihə üzrə işlər sürətlə və yüksək standartlar səviyyəsində icra olunub. Böyük infrastruktur obyektinin inşasının qısa müddətdə tamamlanması iki ölkə arasında getdikcə möhkəmlənən dostluq əlqələrinin və tərəflərin böyük məsuliyyətinin təzahürüdür. Prezident İlham Əliyev tədbirdəki çıxışında stansiyanıın açılışını yüksək dəyərləndirib: “Əminəm ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün biz nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin “yaşıl enerji” mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir”.
İstifadəyə verilən infrastruktur obyektinin texniki parametrləri kifayət qədər genişdir. Belə ki, Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.
Məlumat üçün deyək ki, stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
Belə bir nəhəng infrastruktur obyektinin inşasını öz öhdəsinə götürməsi, layihənin icrasına yüz milyonlarla dollar həcmində investisiyalar yönəltməsi “Masdar” şirkətinin ölkəmizə olan inamını ifadə edir. Lakin, bu, sadəcə, başlanğıcdır. Prezident İlham Əliyev açılış nitqində əminliklə bildirib ki, daha çox layihələr olacaq. Yeni qlobal çağırışların yarandığı indiki mərhələdə enerji transformasiyası Azərbaycanın gündəliyində dayanan vacib məsələlər sırasındadır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız elektrik enerjisi istehsalında “yaşıl enerji”nin xüsusi çəkisinin artırılmasını hədəfləyib.
Azərbaycanın yaşıl enerji gündəliyinə doğru inamla irəlilədiyini bildirən Prezident İlham Əliyev “Biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir”, - deyə vurğulayıb.
Milli iqtisadiyyatımızın güclü potensialı ölkəmizə investisiya qoyuluşunun getdikcə artmasına güclü impuls verir. İqtisadiyyatdakı dayanıqlılıq investorlar üçün cəlbedici məqamdır və onlara böyük üstünlüklər qazandırır. Ölkəmizin xarici investorlar üçün cəlbediciliyinin yüksək olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev açılış nitqində bildirib: “Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir”.
Ölkəmizin digər böyük planı Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşları ilə fəal şəkildə işləməkdən ibarətdir. Ötən ilin dekabrında Azərbaycanda istehsal olunacaq “yaşıl enerji”nin Qara dənizin dibi ilə Avropaya çatdırılmasını özündə ehtiva edən müvafiq müqavilə imzalanıb. Bu istiqamətdə artıq fəaliyyətə start verilib. Bütün bunlar Azərbaycanın öz planlarını gerçəkləşdirmək yolunda inamla irəlilədiyini təsdiqləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, çünki bizim siyasi iradəmiz var, bizim cəmiyyətdə birlik var. Bizim Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər kimi möhtəşəm tərəfdaşlarımız var.