İxdiyar Nəcəfov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədri
Azərbaycanın Avropa ölkələri münasibətləri sürətlə inkişaf edir. Bu zaman Azərbaycan ikitrəfli münasibətlərin inkişafına xüsusi önəm verir. Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda iki ölkə arasında siyasi dialoqun dinamik xarakter aldığını qeyd edib. Dövlət başçısı xanım Prezidentlə qısa müddətdə ikinci
görüşün keçirilməsini bunun əyani sübutu adlandırıb. Əlaqələrin inkişaf etməsi üçün Prezident İlham Əliyev bəyan edib ki, əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. “Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib”.
Dövlət başçısı qonaq prezidentə müraciət edərək, ümid etdiyini bildirib ki, nümayəndə heyətlərinin təmaslarından sonra bu boşluğu da doldurmaq mümkün olacaq. Bunun üçün kifayət qədər münbit şərait var. Belə ki, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq başlanmışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu keçən ilin sonlarında baş verib. Bu il müntəzəm olaraq Azərbaycan Şimali Makedoniya bazarını təbii qazla təmin edəcəkdir. Prezident İlham Əliyev qeyd edib ki, gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. “Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir”.
Avropa Azərbaycan qazına ehtiyac duyduğunu bildirən dövlət başçısı təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsinin bunun əyani təzahürü olduğunu qeyd edib. “Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq”.
Dövlətlər arasında iqtisadi münasibətlərin inkişafı ilə yanaşı xalqlar arasında humanitar sahədə əməkdaşlığa böyük ehtiyac olduğunu qeyd edən Prezident İlham Əliyev Prezidenti Qordana Silyanovska-Davkovaya müraciət edərək bildirib ki, Siz keçən səfəriniz çərçivəsində Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var. “Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümü bildirirəm. Sizin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəniz var. Siz beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmısınız, eyni zamanda, ölkənizdə müxtəlif mərhələlərdən keçərək ən yüksək vəzifəyə layiq görülmüsünüz. Ona görə Sizin dəyərli fikirləriniz hamımız üçün çox maraqlı ola bilər”.
Qeyd edək ki, bu il Azərbaycan Respublikası ilə Şimali Makedoniya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. İki ölkə arasında bu münasibətlərin hüquqi bazasını yaradan beş müqavilə imzalanmışdır.
Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycanın beynəlxalq münasibətlərdə çox fəal olduğunu qeyd edib. “Sonuncu görüş zamanı burada iqlim konfransı təşkil edilmişdi. İndi isə növbəti dəfə tədbir keçiriləcək və orada dünyanı narahat edən əsas çağırışlar müzakirə olunacaq. Bu da yaxşı fürsətdir, çünki bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərimizin otuzuncu ildönümünü qeyd edirik. Düşünürəm ki, həmin tarixin bu görüşlə üst-üstə düşməsi yaxşı haldır.”