Azərbaycanın postmünaqişə dövründə təcrübəsi digər ölkələr üçün yaxşı nümunədir
Aydan Əsgərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının Mülki Müdafiə üzrə mütəxəssisi
Azərbaycan 2020-ci ildən bəri dünyanı iki dəfə heyrətə gətirib. Birincisi, 44 gündə 30 ilə yaxın bir vaxtda düşmən tərəfindən çətin coğrafi məkanda möhkəmləndirilmiş istehkamları yarıb tarixi qələbə qazanıb. İkincisi, erməni vandallarının dağıtdığı infrastrukturu bərpa edərkən dünyanı bir daha heyrət içində qoyub. Xüsusilə Füzuli Beynəlxalq Hava Limanının tikintisinin 8 ayda başa çatdırılması bir möcüzə kimi qəbul olunub.
Tarixi zəfərimizdən ötən ilyarımda işğaldan azad olunan ərazilərdə nəhəng layihələr icra edilib və bu proses davamlı xarakter daşıyır. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı erməni vandalizminin 30 illik işğal dövründə törətdiyi vəhşiliklərin şahidi olub və dağıntıların tam miqyasını sənədləşdirib, eləcə də “Böyük qayıdış”ı təmin edən miqyaslı abadlıq-quruculuq işlərindən heyrətə gəldiklərini bildiriblər. Dövlət başçısı, möhtərəm cənab Prezidentin rəhbərliyi və nəzarəti altında həyata keçirilən işlərin nəticəsidir ki, Şuşada yaşayış tədricən bərpa olunur, mədəniyyət paytaxtımızda yerli və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir. İşğaldan azad olunan ərazilərdə inşa olunan ilk “ağıllı kənd” Ağalı öz sakinlərini qəbul edir, beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizində beynəlxalq nəqliyyat infrastrukturunun bərpası üçün işlər qrafikə uyğun icra edilir, Zəngilan və Laçın hava limanlarının tikintisi üçün gərəkli fəaliyyət təşkil olunur.
Bəzi dairələr belə düşünürdülər ki, yalnız düşmənin torpaqlarımızda “əkdiyi” minalardan əraziləri təmizləməyə uzun müddət tələb olunacaq, yəni, ən yaxşı halda infrastrukturun bərpasına başlamaq üçün bir neçə il itirəcəyik. Təbii ki, işğal dövründə şəhər və yaşayış məntəqələrinin tamamilə dağıdılması, infrastrukturun məhv edilməsi və ərazilərin minalanması bərpa işlərinin sürətlə aparılmasına mənfi təsir göstərir. Lakin qeyd edilən yanlış qənaətdə olanlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətini və Azərbaycan xalqının işgüzarlığını düzgün hesablaya bilməyiblər. Sözsüz ki, bütün bu işləri görmək üçün möhkəm iradə, bacarıqlı kadrlar və maliyyə tələb olunur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bunların hamısı var, qalib xalqımızın kiməsə ehtiyacı yoxdur.
Vətən müharibəsi tarixi qələbəmizlə başa çatsa da, Ermənistan ictimai-siyasi mühitində baş verənlərin müşahidəsindən belə qənaətə gəlmək olur ki, düşmən hələ də bundan nəticə çıxarmayıb, revanşist qüvvələr yeni müharibədən, işğaldan azad olunan ərazilərin geri qaytarılmasından dəm vurur, daxili auditoriyanı bu cür sərsəm arzularla ümidləndirməyə cəhd edirlər. Möhtərəm cənab Prezidentin Kəlbəcər rayonunda yeni yaradılmış komando briqadasına bayraq təqdimetmə mərasimindəki çıxışında Ermənistana bununla bağlı qəti xəbərdarlığı, Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycanın müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyində olduğumuzu bildirməsi ehtiyac yaranacağı təqdirdə “Dəmir yumruğ”un yerində olduğunun, eyni zamanda sülhsevər mövqeyimizin açıq təzahürüdür.
Azərbaycan dövlətinin siyasətinin əsas məqsədi işğaldan azad olunmuş əraziləri tezliklə bərpa edib, yurd həsrəti ilə yaşayan soydaşlarımızı bu yerlərə qaytarmaqdır. Əsas məsələ, Prezidentin dediyi kimi, doğma yerlərdən məcburi köçkünə çevrilən insanların yaxşı şəraitdə yaşamalarıdır ki, bunun üçün bütün layihələr beynəlxalq standartlara uyğun hazırlanır. Hazırda bu ərazilərdə iş görmək üçün 1000-dən çox şirkət müraciət edib, onların 300-dən çoxu xarici şirkətlərdir. Xarici ölkələrin iş adamlarının Qarabağ və Şərqi Zəngəzur bölgəsində iqtisadi fəaliyyət göstərməsinin iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi tərəfi də var. Onlar ermənilərdən fərqli olaraq işğaldan azad edilən torpaqları Azərbaycan ərazisi kimi şərtsiz qəbul edirlər.
Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Növbəti 20 illik dövrü əhatə edən işğaldan azad edilən ərazilərin şəhərsalma planlarının hazırlanması zamanı regionda müasir tələblərə cavab verən yeni infrastrukturun qurulması, şəhərlərə tezliklə qayıdacaq əhalinin yüksək yaşayış standartlarının, təhlükəsizliyinin, iş imkanlarının və yaşayış məntəqələrinin dayanıqlı inkişafının təmin olunması prioritet götürülüb, aparıcı dünya təcrübəsi öyrənilərək tətbiq edilib, “yaşıl” enerji, “ağıllı” şəhər və bir çox digər müasir şəhərsalma yanaşmaları tətbiq olunub.
Görülən bərpa-quruculuq işləri ilə bərabər, ermənilərin işğaldan azad olunan ərazilərdə törətdikləri urbisidin miqyasını, eləcə də icra olunan layihələrə dair rəyin formalaşması üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın intensivləşdirilməsinə də zəruri ehtiyac yaranır. Bu kontekstdə qısa müddət ərzində Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı (UN HABITAT) arasında uğurlu əməkdaşlıq qurulub. Dünyada şəhərlərin dayanıqlı inkişafının təmin edilməsi məsələləri ilə bağlı əsas qlobal tədbirlərdən biri olan Ümumdünya Şəhər Forumunun (WUF) 11-ci sessiyasında keçirilən görüşlər qarşıdakı aylar və uzunmüddətli perspektivdə əməkdaşlığı dərinləşdirməyə yeni imkanlar açır. Forum müasir tendensiya və trendləri öyrənmək, oxşar problemlərlə üzləşmiş ölkələrin təcrübəsi ilə yaxından tanış olmaq üçün geniş imkanlar açır. Forumda iştirak edən Azərbaycan nümayəndə heyəti 30 ilə yaxın davam edən erməni işğalı dövründə şəhər və kəndlərimizin dağıdılması faktları və hazırda işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən genişmiqyaslı şəhərsalma və quruculuq işləri barədə ətraflı məlumat veriblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərin bərpası, şəhərsalma planları və dağıdılmış infrastrukturun yenidən qurulması və bu işlərin həm həcmi, həm də keyfiyyətlə icrası unikal xarakter daşıyır və beynəlxalq tərəfdaşlar tərəfindən təsdiqlənir.
Tədbir çərçivəsində bu ilin oktyabrında Azərbaycanda Milli Şəhər Forumunun keçirilməsinə dair ilkin razılığın əldə olunması, onun tarixi və gündəliyinin müzakirə mərhələsində olması Azərbaycanın qazandığı beynəlxalq uğur kimi xüsusilə qabardılmalıdır. Bu tədbir Azərbaycanın Qarabağ və Şərqi Zəngəzuru yenidən həyata qaytarmaq üçün hansı işləri gördüyünü dünyaya nümayiş etdirmək üçün yaxşı imkan olacaq.
Qalib ölkə kimi bu gün şərtləri diktə edən tərəf Azərbaycandır. Ermənilərin nə deməsindən asılı olmayaraq, biz qarşımıza qoyduğumuz məqsədə doğru qətiyyətlə irəliləyirik və bir neçə ildən sonra həmin torpaqlardan didərgin düşən vətəndaşlarımız yeni həyata başlayacaqlar.