20 Noyabr Ağdam şəhərinin erməni işğalından qurtuluşunun dördüncü ildönümüdür

20 Noyabr Ağdam şəhərinin erməni işğalından qurtuluşunun dördüncü ildönümüdür

Günel  Məmmədova

YAP Suraxanı rayon təşkilatının üzvü

Xarici Dillər təmayüllü gimnaziyanın müəllimi

2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Birdə bəyanata əsasən, noyabrın 20-dək erməni silahlı qüvvələri Ağdam rayonunun işğal altındakı ərazisini tərk etməyə məcbur oldu.

Ağdam sözünün də qədim türk dilində mənası “kiçik qala” deməkdir. Sonradan “Ağdam” kəlməsinin “işıqlı, ağ bina” anlamı qazandığı da bildirilir. Bu adın yeni məna kəsb etməsinin əsl səbəbini XVIII əsrdə Pənahəli xanın özünə ağ daşdan ev tikdirməsi ilə əlaqələndirirlər. Ağdam rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Ağdam şəhəridir. 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1150 km², əhalisi 202.200 olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.

Ağdam arxeologiyasının parlaq səhifələrindən birini də Qafqazdakı ilk şəhər tipli yaşayış məskənlərindən biri olan Üzərliktəpə yaşayış məskəni təşkil edir. Təbii təpələrdən ibarət olan bu yaşayış kompleksi hələ 1954-cü ildən Azərbaycan və rus alimlərinin diqqətini cəlb etmişdir. Əvvəllər bu ərazi kurqan kimi tədqiq olunsa da, sonradan şəhər tipli yaşayış məskəni kimi tədqiqata cəlb edilmişdir. Arxeoloji qazıntılar 484 kvadrat metr sahədə aparılmışdır. Təbii təpə üzərində salınan yaşayış yerində mədəni təbəqənin qalınlığı 3 m-dir. Üzərliktəpə yaşayış məskəni Orta Tunc dövrünə aid edilir. Yaşayış məskəninin ətrafında qazılmış xəndəklər, arxeoloqların fikrincə, müdafiə xarakteri daşımışdır ki, bu da Üzərliktəpənin şəhər tipli məskən olduğunu bir daha təsdiqləyir.

1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu.

23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla Ağdam şəhərinin işğalına son qoyulur. Azərbaycan hökumətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq və orada 100 min nəfər yaşayacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq beşinci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər. 2022-ci ilin 13 fevral tarixində Prezident İlham Əliyev daha bir neçə vacib obyektin təməlinin atılması, bir neçə obyektin açılışı  üçün yenidən Ağdamda oldu. Bu, Ağdamda görülən və görüləcək işləri ictimaiyyətə detallı təqdim edən bir səfər idi.

Əminik ki, Ağdamda hər daş üstünə daş qoyulduqca, onun əvvəlki acı mənzərəsinin yerinə müasir, işıqlı, öz sakinlərinin isti nəfəsi ilə canlanmış gözəl Ağdam keçəcək.