Azərbaycanın Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 (164) maddədən ibarətdir
Nurəngiz Şəkərova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 149 saylı körpələr evi və uşaq bağçasının müdiri
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Məlum olduğu kimi 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti dövlətin əsas qanununu Konstitusiyası qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir. Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.
Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun – Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi gündür.
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.
Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.
Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir.Konstitusiyaya əlavə və dəyişikliklər 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə edilib.