Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar

Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar

İxdiyar Nəcəfov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsinin sədri

Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.

Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.

Bəyannamədə deyilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

Bu müddəanın Bəyannamədə qeydə alınması bu gün Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün çox mühüm ismarıcdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Təbii ki, öncə söhbət bölgədə əsrlərdir erməni məsələsi adı altında öz dövlət maraqlarını reallaşdıran aktorlardan və dövlətlərdən gedir. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.

Müqavilədə digər vacib məqamlardan biri iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. Bəyannamədə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələləri yer alır.

Sənəddə xüsusilə vurğulanır ki, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələriylə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur dəhlizi) açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcək.

Tarixi gerçəklik olan Zəngəzur dəhlizinin açılışı sözsüz ki, yüz ildən çoxdur, bölgədə ermənilərin apardığı anti-Turan təbliğatına mühüm zərbədir. Burada xüsusi qeyd edilməlidir ki, ermənilər xristian ölkələrindəki lobbi qrupları vasitəsilə uzun müddət idi ki, Qafqazda xristian-vassal dövlətin qurulmasının vacibliyini vurğulayır, Turan bəhanəsini gətirərək öz geosiyasi çəkilərini artırmağa cəhd edirdilər. Lakin 2020-ci ilin payızında Qarabağda müharibənin Azərbaycanın qalibiyyəti ilə nəticələnməsi, Zəngəzur vasitəsilə yeni nəqliyyat dəhlizinin açılması Ermənistan Respublikasının bu vaxta qədər davam edən geosiyasi çəkisinə mühüm zərbə olacaq və bir sıra dövlətlərin baxış bucaqlarında ermənilərin indiyə qədər olan “əhəmiyyəti” xeyli azalacaq.

Şuşa Bəyannaməsi haqqında danışarkən xüsusi vurğulayacağımız istiqamət siyahısında hazırda aktual xarakter daşıyan informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək olar. Belə ki, tərəflərin beynəlxalq arenada daha effektiv fəaliyyəti üçün media platforması və diaspor sahəsində birgə addımlarına ehtiyac var. Bəyannamədə Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəaların yer alması da deyilənlərin bariz nümunəsidir.

Həmçinin, Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət davranışları ilə bağlı müddəa da yer alır. Sənəddə qeyd edilir ki, tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparır. Sənədə əsasən, beynəlxalq münasibətlərin inkişafı, yerli, bölgə və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstəriləcək. Bunun üçün xarici siyasət sahəsində koordinasiyanın və ikitərəfli siyasi məsləhətləşmələrin vacibliyini vurğulanır. Bu istiqamətdə Türkiyə və Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətin əhəmiyyəti qeyd olunur.

Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, Bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.