Erməni revanşistlərin xarici dövlətləri ittiham etməsi həm gülünc, həm də diplomatik savadsızlıqdır
Sitarə Qurbanova
YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü
Suraxanı rayonu, 270 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi
58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nəhəng diplomatik heyətin Şuşa, Xankəndi və Şərqi Zəngəzura səfər etməsi beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünü tam və qəti şəkildə tanımasının bariz göstəricisidir. Erməni revanşistlərinin bu reallığı həzm edə bilməyərək xarici dövlətləri ittiham etməsi həm gülünc, həm də diplomatik savadsızlıqdır. Azərbaycanın öz suveren ərazilərində istədiyi layihəni icra etmək və bura istədiyi qonağı dəvət etmək hüququ var. Ermənistanın daxili auditoriyaya yönəlmiş bu isteriyası onun hələ də digər dövlətlərin suverenliyinə hörmət etmək mədəniyyətindən uzaq olduğunu göstərir.
Revanşistlərin ən böyük qorxusu illərdir qurduqları saxta tarix və "mədəni soyqırım" tezislərinin diplomatların gözü qarşısında darmadağın olmasıdır. Xarici nümayəndələr əraziləri gəzdikcə işğal dövründə viran qoyulmuş şəhərləri, məscidləri, eləcə də saxtalaşdırılmağa çalışılmış Alban-udi məbədlərini öz gözləri ilə görürlər. Revanşist medianın diplomatların Şuşada rəqs etməsini və ya yenidənqurma işlərini alqışlamasını "təhqir" kimi qələmə verməsi, əslində törətdikləri vandalizmin dünya ictimaiyyətinə faş olmasının yaratdığı daxili qorxunun təzahürüdür.
Burada ən ciddi tənqid həm də Ermənistanın siyasi rəhbərliyinə yönəlməlidir. Bir tərəfdən beynəlxalq tribunalarda sülh müqaviləsinə hazır olduqlarını bəyan edən İrəvan hakimiyyəti, digər tərəfdən ölkə daxilində diplomatik korpusun səfərlərinə qarşı aparılan Azərbaycanofob və nifrət dolu qarayaxma kampaniyalarına seyrçi qalır, bəzən isə bunu daxili siyasi xallar qazanmaq üçün alətə çevirir. Cəmiyyəti sülhə hazırlamaq əvəzinə, revanşist ideyaların və isteriyanın daxili mediada geniş yer almasına şərait yaratmaq Ermənistan rəhbərliyinin siyasi səmimiyyətsizliyini ortaya qoyur.
Nəticə olaraq, erməni revanşistlərinin diplomatik korpusun Qarabağ səfərlərinə reaksiyası sadəcə acizliyin və post-müharibə sindromunun göstəricisidir. Regionda yeni geosiyasi reallıqlar artıq formalaşıb və Ermənistan cəmiyyəti bu isterikadan qurtulub reallığı qəbul etmədiyi müddətcə, özünü regional təcriddən və iqtisadi dalandıan xilas edə bilməyəcəkdir.