“Azərbaycan Xalqının Milli Qurtuluş Salnaməsi” adlı dəyirmi masa keçirilmişdir

11 iyun 2025-ci ildə Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin inzibati binasında“Azərbaycan Xalqının Milli Qurtuluş Salnaməsi” adlı dəyirmi masa keçirilmişdir. Dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı giriş sözü ilə açan Qaraçuxur bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri İxdiyar Nəcəfov geniş nitq ilə çıxış etmişdir. İxdiyar Nəcəfov bildirmişdir ki, biz bu il Milli Qurtuluşumuzun 32 illik yubileyini qeyd edəcəyik. O, xüsusi vurğulamışdır ki, əgər Ulu Öndər Heydər Əliyev tərəfindən Milli Qurtuluş gerçəkləşdirilməsə idi, Azərbaycan Respublikasını da Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq taleyi gözləyirdi. Özü də bu dəfə hadisələr daha dramatik bir süjet xətti ilə davam etməkdə, daxili və xarici düşmənlər öz təzyiqlərini artırmaqda idilər.
Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini Yusif İbrahimov çıxış edərəkdedi ki, xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, özünün yaratdığı problemlər məngənəsindən çıxış yolu tapa bilməyən AXC-Müsavat rejimi xalqın haqlı tələbinin qarşısında davam gətirə bilmədi. 15 iyun 1993-cü ildə Milli Qurtuluşu Heydər Əliyevin timsalında Azərbaycan xalqı gerçəkləşdirdi.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi Ənvər Haqverdiyev xüsusi vurğulamışdır ki, 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması Milli Qurtuluş konsepsiyasının əsas komponentlərindən biri idi. Çünki Ulu Öndər Heydər Əliyev yalnız qardaş qanını durdurmadı. Məsələ daha ciddi və daha mürəkkəb idi. Müstəqilliyin əldən getmə təhlükəsi var idi və hakimiyyətdə təmsil olunanlar azadlığın saxlanılmasını təmin edə bilmirdilər. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın milli qurtuluşunun siyasi tərəfini tam öz üzərinə götürdü və demokratik, sivil və seçki yolu ilə bir inqilab həyata keçirə bildi. Ənvər Haqverdiyev onu da qeyd etmişdir ki, Milli Qurtuluşun ən böyük tarixi töhvəsi Prezident cənab İlham Əliyev və onun öz xalqı üçün gördüyü işlər olmuşdur
Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən dəyirmi masa iştirakçıları çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyev Milli Qurtuluşumuzu şüurlarda, qəlblərdə formalaşdırdı. Milli Qurtuluş ruhu həm də milli Vətənpərvər ruhun formalaşmasına xidmət etdi. Bu eşq və bu arzu o qədər böyük niyyətə çevrildi ki, hətta Ümummilli Liderin fiziki yoxluğunda belə biz öz yolumuzla Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işıqlı sabahlara doğru gedirik.