Azərbaycan xalqı Ulu Öndərlə birgə zülmətdən işığa, bölünmədən qurtuluşa gedən yolu uğurla getdi
Amil Bağırov
Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi
YAP Suraxanı Rayon Təşkilatının ƏPT-nin sədri
1993 - cü ilin iyununda kulminasiya nöqtəsinə çatan xaos və anarxiya, vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı birbaşa hədəfə almışdı. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. 1993 - cü ilin 15 iyun tarixində xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən Azərbaycan dövlətinin iqtidar sükanı arxasına keçməsi Azərbaycanda inkişaf və tərəqqinin təməlini qoymuşdur.
Qurtuluşdan sonrakı dövrdə bütün diqqət ölkənin iqtisadiyyatının qüdrətlənməsinə, müdafiə qabiliyyətinin artırılmasına, ordu quruculuğuna, siyasi təsisatlar və demokratik insitutlarının təşkilinə yönəldildi. Eyni zamanda, Heydər Əliyev bir ölkənin gələcəyinin gənclərin əlində olduğunu yaxşı bilirdi. Bu sahədə imzalanan fərman və sərəncamlar, həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan gəncliyi dünya miqyasında özünə layiqli yer qazana bildi. Ulu Öndər Sovetlər Birliyi dönəmində gənclərin təhsillə bağlı problemlərinin həlli ilə yaxından tanış idi. Hətta, hələ Azərbaycan SSR-ə rəhbərliyi dövründə Heydər Əliyev təhsil sahəsinə mərkəzdən daha çox vəsaitin ayrılmasına nail olmuş, minlərlə azərbaycanlı gənc SSRİ-nin müxtəlif ali məktəblərinə təhsil almağa göndərilmişdi. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması isə son dərəcə əlamətdar hadisə idi. Bununla Azərbaycanın gələcək müstəqil milli ordusunun kadr potensiyalı formalaşdırılırdı.
Azərbaycan xalqı Ulu Öndərlə birgə zülmətdən işığa, cəhalətdən kamilliyə, bölünmədən qurtuluşa gedən yolu uğurla başa vurduqdan sonra digər sahələr kimi, insan həyatı, sağlamlığı və dövlətin səhiyyə sahəsinə diqqətinin artırılması barədə ciddi uğurlar əldə etdi. Bu sahədə də gənclər önəmli yerə malik idi. Bu ənənə bu gündə yaşayır.Yüksək savada malik, ixtisaslı gənc həkimlər bu gün də ölkəmizin və dünyanın müxtəlif ölkələrində təhsil alır və xalqımıza ləyaqətlə xidmət edirlər.
Biz illər öncə baş vermiş milli qurtuluşumuzun nəticəsini bugün daha aydın görürük. Heç şübhəsiz ki, Qarabağın zəfər salnaməsinin mürəkkəbi milli qurtuluşumuzdur. Görəsən, ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının təkidli tələbi ilə yenidən Bakıya, hakimiyyətə qayıtmasaydı, necə olardı?! Yəqin ki, Azərbaycan xalqının taleyi indi böyük bir sual altında idi. Qurtuluşun mahiyyətini anlamaq üçün o dövrün canlı şahidi olmaq, tarixin o mərhələsi haqqında daha ətraflı məlumatlara sahib olmaq gərəkdir. Bu gün həmin dövrün canlı şahidlərinin üzərinə düşən ən böyük vəzifə gənclərin həmin dövrlə bağlı maarifləndirilməsi istiqamətində, həqiqətin olduğu kimi onlara çatdırılmasıdır
Təəssüflər olsun ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşmişdi. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız taleyini yad əllərə əmanət edə bilməzdi. Beləliklə, Azərbaycan xalqı Heydər Əliyevin ətrafında monalit şəkildə birləşməklə öz gələcək taleyini özü həll etdi.
Əldə olunan böyük qələbə - Qarabağ Zəfərində Ulu Öndər Heydər Əliyev siyasi irsinin izləri açıq görünür. Bu zəfər zamanında qurulan və layiqincə davam etdirilən düzgün siyasətin töhfəsidir. Hər dövrün öz diqtəsi var. Təsadüf deyə bir məhfum yoxdur. Təsadüfləri zərurətlər doğurur. Nə zamanında böyük xilaskarın yenidən qayıdışı təsadüf idi, nə də bu gün bizim dogma yurdumuz olan Qarabağa böyük qayıdışımız! Qarabağın azad edilməsi bizə ata vəsiyyəti idi. Böyük xilaskarın vəsiyyəti yerinə yetirildi.
Qürur verici haldır ki, bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha da işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı arxasında Möhtərəm Prezident İlham Heydər oğlu Əliyev dayanır.